Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Kimya İnstitutu” PHŞ-in Aşqarlar Kimyası bölməsində “Xocalı soyqırımı”nin 34-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. İclas şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbiri giriş sözü ilə açan akademik Vaqif Fərzəliyev vurğulayıb ki, ermənilərin bizə qarşı əsrlər boyu həyata keçirdiyi soyqırım və etnik təmizləmə siyasəti onların “Böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən cinayət əməlləridir: “Onlar məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürüləndən sonra bir sıra problemlərlə üzləşmişik. Mənfur ermənilər xalqımıza qarşı ən qəddar zorakılıq üsullarından istifadə etməklə, tarixdə misli görünməmiş cinayətlər törətmişlər”.
Akademikin sözlərinə görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə etnik azərbaycanlılara qarşı tarixdə görünməmiş cinayəti törətmişlər: “Həmin günlərdə Azərbaycan qüvvələri Xocalı sakinlərinin köməyinə çata bilmədi, hətta meyitlərin götürülməsi belə mümkün olmadı. Bu zaman isə ermənilər vertolyotlarla, ağ geyimli xüsusi qruplarla meşələrdə gizlənmiş insanların axtarışını aparır, aşkar edilənləri əsir götürür, işgəncələrə məruz qoyurdular. Xocalı soyqırımı nəticəsində bir gecədə 613 sakin qətlə yetirilmişdir. 1275 nəfər əsir götürülmüşdür”.
44 günlük Vətən müharibəsi və 23 saat 47 dəqiqə davam edən antiterror əməliyyatında Azərbaycan Ordusunun Şanlı Zəfərini, dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu qeyd edən akademik erməni vandalizmi nəticəsində həyatını qurban verənlərin qisasının alındığını söyləyib.
İnstitutun laboratoriya müdiri kimya üzrə fəlsəfə doktoru, dosent Elxan İsakov 26 fevral tarixində baş verən “Xocalı faciəsi”ndən bəhs edən təqdimatla çıxış edib və hazırladığı video çarxı nümayiş etdirib.
İnstitutun gənclərdən ibarət bir qrup əməkdaşı Xocalı qurbanlarının xatirəsini yad etmək üçün Bakı şəhərində ucaldılmış abidəni ziyarət etmiş və önünə gül dəstələri qoymuşlar.







