Kimyaçı alimlər kompüter əsaslı kimyəvi tədqiqatlar zamanı yeni yanaşmalar müəyyən ediblər

50

Bakı Dövlət Universiteti, Aşqarlar Kimyası İnstitutu və Bakı Mühəndislik Universitetinin aparıcı alimləri bəzi kimyəvi reaksiyaların nəzəri-təcrübi mexanizimində kompüter kimyəvi hesablamaların tətbiqi istiqamətində beynəlxalq səviyyəli müştərək tədqiqatlar aparmış və aldıqları mühüm nəticələrdən bəhs edən məqaləni Web of Science bazasında indekslənən Journal of the Indian Chemical Society IF 3,2, (CiteScore -3.5, kvartil-Q3) jurnalında nəşr etdirmişlər (https://www.sciencedirect.com/science/article/pii/S0019452225002626?dgcid=author#abs0020).

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, kimyaçı alimlər müfəssəl araşdırmalar yolu ilə ilk dəfə olaraq sübut etmişlər ki, elektronoakseptor və elektrodonor əvəzedicilərin aromatik halqalara daxil edilməsi ilkin N-əvəz edilmiş hidrazonların elektron təbiətini dəyişdirir və nəticədə sonrakı reaksiyaların gedişatına təsir göstərir. Onlar kompüter kimyasının ən son imkanlarından istifadə etməklə funksional sıxlıq nəzəriyyəsi əsasında bəzi reaksiyalar üçün keçid vəziyyətləri, aralıq mərhələlər və son məhsul enerjiləri hesablamışlar, əlverişli sintez üsulları müəyyənləşdirmişlər. Nəticə etibarilə katalitik olefinləşmə reaksiyası şəraitində N-əvəz edilmiş hidrazonların halogen alkanlarla reaksiyaları yeni sintetik strategiyaların inkişafı üçün perspektivli platforma olaraq qəbul edilmişdir.

PAYLAŞ