Bakı Mühəndislik Universiteti, Aşqarlar Kimyası İnstitutu və Bakı Dövlət Universitetinin bir qrup aparıcı alimləri Pakistandan olan həmkarları ilə birlikdə yeni aromatik azo birləşmələrinin sintezi, rentgen struktur analizi, supramolekulyar xüsusiyyətləri və kompüter kimyəvi tədqiqi istiqamətində apardıqları müştərək beynəlxalq səviyyəli tədqiqatların nəticələri “Wiley” nəşriyyatının jurnalı olan “ChemistrySelect”də dərc olunub (https://chemistry-europe.onlinelibrary.wiley.com/doi/10.1002/slct.202503571).
Məlumata görə, bu məqalədə tert-butilbenzaldehid əsasında alınmış aromatik azo birləşmələrinin kristal quruluşu tək kristal rentgen difraksiyası təhlili ilə araşdırılmışdır. Difraksiya təhlili göstərib ki, aromatik halqadakı əvəzlənmə halqalar arasındakı dihedral bucağa təsir göstərir və supramolekulyar birləşmələr arasında fərq müşahidə olunur. Eyni zamanda kompüter kimyasının ən son imkanlarından istifadə etməklə əldə olunmuş nəzəri nəticələrin təcrübi yolla tapılmış nəticələrlə uyğun olduğu aşkar edilmişdir.
Məlumat üçün onu da bildirək ki, ChemistrySelect jurnalının Journal Citation Reports-a əsasən, impact faktoru 2.0-dir.


