Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru professor Əfsun Sucayevin, Azərbaycan Texniki Universitetin Kimya texnologiya, təkrar emal və ekologiya kafedrasının professoru Güləhməd Talıbov və Gəncə Dövlət Universitetinin Kimya kafedrasının müdiri dosent Aynur Məmmədovayla birlikdə “Zərif üzvi sintez” adlı dərs vəsaiti “Elm” nəşriyyatında nəfis tərtibatda işıq üzü görüb.
Aşqarlar Kimyası İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatına görə, akademik Vaqif Fərzəliyevin elmi redaktorluğu ilə nəşr olunan kitab Gəncə Dövlət Universiteti Elmi Şurasının 24 dekabr 2024-cü il 05 saylı qərarı ilə çapa tövsiyə edilmişdir.
Kitabda zərif üzvi sintezin ümumi metodologiyası, strategiya və taktikası, mono- və polifunksional birləşmələrin sintezinin retrosintetik planlaşdırılması qaydaları və onların dərman, ətirli, qida və dad verən birləşmələri, bitkilərin mühafizəsi vasitələri, feromonlar, boyaqlar və flotomaterialların sintezinin konkret nümunələrində tətbiqi verilir.
Bundan başqa zərif üzvi sintez istiqamətini əhatə edən kondensləşmə, qruplaşma, çoxkomponentli reaksiyalar, ayrı-ayrı sinif birləşmələrin sintezi və qiymətli məhsullara çevrilmə reaksiyaları ümumiləşdirilmiş formada kitaba daxil edilmişdir.
Oxuculara təqdim olunan bu vəsaitdən ali təhsil müəssisələrinin bakalavriat, magistrant pillələrində təhsil alan tələbələr, habelə üzvi kimya, zərif üzvi sintez, bioüzvi kimya, əczaçılıq kimyası istiqamətlərində dərinləşdirilmiş elmi tədqiqat aparan doktorant, dissertant və digər elmi işçilər də yararlana bilərlər.