Laboratoriya müdiri
kimya üzrə fəlsəfə doktoru
SEVGİLİ MƏMMƏDOVA
Zərif üzvi sintez üsullarından istifadə edərək müxtəlif funksional xassəli üzvi birləşmələrin sintezi və tədqiqi
Laboratoriya 2006-cı ildən fəaliyyət göstərir. 2006-2020-ci illərdə laboratoriyaya kimya elmləri doktoru, professor Sabir Məmmədov rəhbərlik etmişdir. 2021-ci ildən laboratoriyanın rəhbəri vəzifəsini kimya üzrə fəlsəfə doktoru Sevgili Məmmədova yerinə yetirir.
Laboratoriyada 2017-ci ilə qədər böyük istehsalat əhəmiyyətinə malik neft və qaz armaturları, yerüstü texnika, aviasiya mexanizmlərinin vakuum sistemlərinin kipləşdirilməsi və yağlanmasında tətbiq olunan plastik sürtkülərin alınması sahəsində elmi-tədqiqat işləri aparılmışdır. Nəzəri və təcrübi yolla sürtkülərin xüsusi şəraitdə alınmasının işlənilməsi, onların quruluşu və tərkibi ilə funksional xassələri arasındakı qanunauyğunluqların müəyyən edilməsi, mövcud xammallardan istifadə etməklə yerüstü texnika üçün yüksək keyfiyyətli Solidol və Litol tipli plastik sürtkülərin alınması, onların texnoloji reqlamentinin hazırlanması və yeni baza komponentləri, metal tozları, alkid boyalar və s. istifadə etməklə yüksək keyfiyyətə və triboloji xassələrə malik sürtkülərin alınması kimi elmi məsələlər həll edilmişdir.
İlk dəfə olaraq tərkibində nanoölçülü metal atomu və onların oksidləri olan plastik sürtkülərin alınması üzərində geniş tədqiqatlar aparılıb. Rentgen quruluşunun təyini göstərmisdir ki, bu sürtkünün maye kristallik qəfəsi xaricində nanohissəciklər, daxilində isə lipofil üzvi birləşmələr və mineral yağ yerləşir. Buna görə də alınmış sürtkülərin damcıdüşmə temperaturu müasir sürtkülərdən çox-çox yüksək – 198-2200C intervalında olur. Bu sürtkülər yüksək termiki stabilliyə malik olub, 230-270oC-də işləmə qabiliyyətinə malikdir.
Hələ 2006-cı ildən başlayaraq aparılan üzvi-sintez üzrə elmi tədqiqat işlərinin nəzəri və praktiki əhəmiyyətini nəzərə alaraq 2018-ci ildən laboratoriyanın adı dəyişdirilərək “Zərif üzvi sintez” laboratoriyası adlandırılmışdır.
Bu sahədə elmi fəaliyyətinin əsas istiqaməti funksional əvəzolunmuş alkil-aril sulfamidlərin müxtəlif üsullarla sintezi və onların yağlara aşqar kimi tədqiqi olmuşdur. N-Halogensulfamidlərin doymamış karbohidrogenlərlə, polimerlərlə reaksiyası öyrənilmiş və bunun sulfamidlərin yeni alınma üsulu olduğu göstərilmişdir. Alınmış maddələr içərisində yüksək keyfiyyətli çoxfunksiyalı aşqarların olduğu müəyyən edilmiş və tətbiqə təklif edilmişdir. N-halogensulfamidlərin doymamış karbohidrogenlərlə spirtlər və fenolların iştirakı ilə reaksiyası vasitəsilə β-xlorefirlər yeni üsulla alınmışdır.
Alkilarilsulfoxloridlərlə poliaminlər arasındakı reaksiyanın sistematik tədqiqi mono- və disulfamidlərin yeni alınma şəraitinin tapılmasına imkan vermişdir və bu tədqiqatlar mono- və disulfamidlərin yeni törəmələrinin sintezinə kömək etmişdir. Alınmış sulfamidlərin N-alkil və dördlü ammonium duzlarının anti-bakterıal və metalların korroziyasına qarşı çox yüksək effektə malik olduğu nəzərə alınaraq disulfamidlərin yeni alınma üsulları işlənib hazırlanmışdır. Bu üsullar N-alkilsulfamidlərin N-alkilləşmə və yodla oksidləşmə reaksiyalarına əsaslanmışdır.
Bunlardan başqa ilk dəfə olaraq funksional əvəz olunmuş sulfamidlərin və poliaminsulfamidlərin heterotsiklləşmə reaksiyasının yeni üsulları işlənıb hazırlanmış və müxtəlif tərkibli heterosulfamidlər alınmışdır. Sintez edilmiş N-əvəzolunmuş sulfamidlər və onların heterotsiklik törəmələrinin sürtkü yağlarına, sürtkülərə və xüsusi mayelərə aşqar kimi xassələri öyrənilmişdir. Müəyyən edilmişdir ki, bu maddələr bioloji-aktiv maddələr olub həm bakterisid kimi (stafilokok, bağırsaq göbələkləri, penisillium mikroblarına qarşı), həm də antimikrob aşqarlar kimi istifadə oluna bilər.
Digər istiqamət üzrə doymamış karbohidrogenlər və polimer birləşmələr əsasında fosfor üzvi maddələrin alınması üsulu işlənib hazılanmışdır. Bu yolla alınan bir sıra fosfor üzvi birləşmələrin quruluşu ilə onların sürtkü yağlarına aşqar kimi təsiri arasındakı qanunauyğunluq öyrənilmiş, bu maddələrin yeni yüksək effektli çoxfunksiyalı aşqarlar olduğu müəyyən edilmişdir.
Son zamanlar sulfamidlərin N-aminometilləşməsi öyrənilmiş, onlardan bir və bir neçə heteroatom olan heterotsiklik birləşmələr sintez olunmuş və onların tərkibi və quruluşu ilə fizioloji aktivliyi arasındakı qanunauyğunluq öyrənilir.