“LG Electronics” şirkəti Avropa, ABŞ, Asiya və Yaxın Şərq bazarlarında satışa çıxarılacaq böyük ölçüyə malik “Magnit” televizorunu təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “3DNews www.3dnews.ru” resursuna istinadən yazır ki, ekranın ölçüsü diaqonal üzrə 163 düym və ya 4,14 metr təşkil edir. “4К” (3840 × 2160 piksel) təsvir ölçüsü təmin edilir. Proqram platforması qismində “webOS” əməliyyat sistemi tətbiq olunub.
Məlumata görə, “Magnit” televizorunda bir neçə mikron ölçüsündə kiçik mikroskopik işıq diodlarının tətbiqini nəzərdə tutan “MicroLED” texnologiyasından istifadə olunub. Bu panellər rəngli filtrlər və ya əlavə işıqlandırma tələb etməməklə möhtəşəm vizual görüntünü təmin edirlər.
Qurğu kontrastlığı, rəngverməni yaxşılaşdırmağa, eləcə də kiçik işıq diodlarını rütubət, toz və kənar təsirlərdən qorumağa imkan verən “LG Black Coating” örtüyü ilə təchiz olunub.
Televizor modullu konstruksiyaya malikdir: panel 600 × 337,5 × 44,9 mm ölçüsündə bloklardan formalaşır. Bu, böyük paneli problemsiz daşımağa və quraşdırmağa imkan verir.
Qiyməti barədə məlumat verilməyən “Magnit” televizorunun korporativ sifarişçilərin və kinematoqrafiyaya dəyər verənlərin marağına səbəb olacağı gözlənilir.
Nizam Nuriyev