2007-ci ildən “Microsoft Office” proqramlarında standart kimi istifadə olunan şrift gələn ildən digər şriftlə əvəz ediləcək. Həmişə yeni sənədlərin yaradılması vaxtı istifadə olunan “Calibri” şriftinin əvəzinə, şirkət 5 şriftdən birini seçməyi təklif edib: Bierstadt, Grandview, Seaford, Skeena və Tenorite.
“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, “The Verge” nəşrinin müəlliflərinin fikrincə, “Tenorite” şrifti ənənəvi “Times New Roman” şriftinə çox oxşardır, “Bierstadt” XX əsrin ortalarındakı İsveçrə tipoqrafikasına istinad edir, “Grandview” köhnə Alman yol və dəmir yolu işarələrindən ilhamlanıb, “Skeena” daha müasir görünür, “Seaford” isə kərtiksiz ən universal şriftdir.
Artıq “Microsoft 365” xidmətinin abunəçiləri yeni şriftlərin üstünlüklərini qiymətləndirə bilərlər. Şirkət hələ 6 ay ərzində sorğular apararaq istifadəçilərin fikirlərini öyrənəcək, bundan sonra həmin şriftlərdən biri 2022-ci ildə “Office” proqramlarında standart olacaq.
Emil Hüseynov