Operativ yaddaş tutumu məhdud smartfonlar üçün “Android 10” (Go Edition) sistemi təqdim olunub

1350

“Google” şirkəti operativ yaddaş tutumu 1,5 giqabayt təşkil edən ilkin səviyyəli smartfonlar üçün “Android 10” (Go Edition) əməliyyat sistemini təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA www.4pda.ru” resursuna istinadən yazır ki, şirkət nümayəndələrinin sözlərinə görə, proqramların işə salınması zamanı “Android” sisteminin yeni “Go” versiyasının sürəti ötənilki versiya ilə müqayisədə 10 faiz artırılıb. Daha bir yenilik məhdud sistem resurslarına malik ucuz qurğulara məhsuldarlığa ziyan vurmadan məlumatları şifrləməyə imkan verən “Adiantum” texnologiyasından istifadədən ibarətdir.

Ucuz qurğular üçün standart əlavələr dəstinə “Gallery Go” (Google Photos komandasının yaratdığı son yeniliklərdən biri) əlavə olunub. Mobil proqram təsvirin təsnifatı üçün qurğuda kompüter təlimindən istifadə edərək avtonom rejimdə iş üçün optimallaşdırılıb: məsələn, ev heyvanlarının fotoşəkilləri, portret və “selfi” şəkilləri avtomatik kateqoriyalara görə qruplaşdırılacaq. Öz növbəsində “Google Go” axtarış sistemi internet səhifəsini oxuma funksiyası, eləcə də “Google Lens” servis imkanı ilə diqqəti cəlb edir.

“Android 10” (Go Edition) əməliyyat sisteminin idarəetməsi ilə işləyən ilk qurğuların payızın sonunda satışa çıxarılacağı gözlənilir. “Google” şirkətinin məlumatına görə, son 18 ayda mobil əməliyyat sisteminin “Go” versiyası ilə təchiz edilən 1600-dən çox model satışa çıxarılıb.

Nizam Nuriyev

PAYLAŞ