“Panasonic” şirkəti “COVID-19” ilə mübarizə üçün “HOSPI” robotlarını təklif edir

1275

“Panasonic” şirkəti “COVID-19” ilə mübarizə üçün “HOSPI” robotlarını təklif edir. Bu məqsədlə yapon istehsalçısı “HOSPI-mist” adlı təkmilləşdirilmiş model hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bundan əvvəl “HOSPI” robotları artıq tibb məntəqələrində dərman, xəstəlik kağızları, laboratoriya sınaqlarının toplanılması və daşınmasında istifadə edilib. Sözügedən robotlar bu sadə funksiyaları yerinə yetirməklə personalın çatışmazlığını kompensasiya ediblər.

“HOSPI-mist” modeli dezinfeksiyaedicilərin çilənməsi üçün xüsusi taxmalar və tibbi müəssisələrin ərazisində hərəkət üçün xüsusi sensor sistemilə təchiz edilib. Ərazi üzrə özü hərəkət edən robot yoluxma riskini aşağı salmaq və infeksiyanın yayılmasının qarşısını almaq üçün dezinfeksiyaedici maddələr çiləyə bilər.

Konkret binanın mərtəbələr üzrə planı, dezinfeksiyaya ehtiyacı olan otaqların sxemləri robotun yaddaşına yüklənilir. Robot sensorlar vasitəsilə maneələri (divar, mebel, başqa predmetlər və ya insanları) “görür”.

“Panasonic” şirkətindən bildirilib ki, “Hospi” tibbi robotları başqa ölkələrdə istifadə üçün beynəlxalq “ISO 13482” sertifikatına malikdirlər.

 

Emil Hüseynov

PAYLAŞ