Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Neft kimyası və kimya texnologiyası kafedrasında tədris-istehsalat təcrübəsinə cəlb olunan Qazaxıstan Mili Tədqiqat Universitetinin Geologiya və neftqaz işi institutunun neft mühəndisliyi üzrə bir qrup magistrantları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda olublar. İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev qonaqlarla görüşərək, onlara ilk öncə bu elmi-tədqiqat müəssisəsinin yaranması tarixi, fəaliyyət istiqamətləri, nailiyyətləri, eləcə də bu elmi müəssisədə çalışmış Azərbaycanın görkəmli kimyaçıları haqqında məlumat verib.
Qazaxıstanlı magistrantlara BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının Aşqarlar Kimyası İnstitutunda mövcud olan filialı – “Aşqarlar, sürtkü materialları, yağlar və soyuducu mayelər” baza kafedrası haqqında, o cümlədən elm və təhsilin inteqrasiyası istiqamətində Universitetlə birgə həyata keçirilən birgə tədbirlərdən danışılıb.
Sonra magistrantlar “Üzvi birləşmələrin və kompozisiyaların analizi və fiziki-kimyəvi tədqiqi”, “Sürtkü kompozisiyaları”, “Mühafizəedici üzvi birləşmələr”, “Müxtəlif funksiyalı polimer birləşmələr” və digər laboratoriyalara baş çəkərək orada aparılan elmi tədqiqatlarla, müasir fiziki-kimyəvi cihazların iş prinsipləri ilə yaxından tanış olublar, bəzi təcrübələri yaxından izləyiblər.