“QLED” ekranlarla təchiz edilən yeni “Samsung” noutbukları nümayiş olunu

1432

“Samsung” şirkəti illik “SDC” (Samsung Developer Conference) konfransında “Galaxy Book Flex” və “Galaxy Book Ion” noutbuklarını təqdim edib. Onlar müvafiq olaraq “Samsung Notebook 9 Pen” və “Notebook 9” modellərini əvəzləyəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, noutbukların hər biri 13 və 15 düym diaqonallı ekranla təchiz edilməklə iki variantda təqdim edilib və bir sıra eyni texniki xüsusiyyətlərə malikdir.

Qeyd olunur ki, “Flex” və “Ion” modelləri “Full HD” (1920 × 1080 piksel) təsvir ölçülü “QLED” displeylərlə təchiz olunub. Şirkət nümayəndələri onların noutbuklar bazarında ilk “QLED” ekranlı modellər olduğunu bildirsələr də, bu, əslində belə deyil. Çünki “AU Optronics” şirkəti tərəfindən uzun müddətdir istehsal olunan “Quantum Dot” panelləri artıq “Acer Predator” oyun noutbuklarının bir sıra modellərinə quraşdırılıb.

Buna baxmayaraq Cənubi Koreya şirkətinin yeni qurğularının “QLED” panelləri maksimal 600 kandel kvadratmetr (Outdoor Mode rejimində) parlaqlıq nisbətinə malikdir ki, bunun da sayəsində onları açıq havada istifadə etmək mümkündür.

Hər iki qurğu “Samsung Wireless PowerShare” texnologiyasını dəstəkləməklə sensor panel vasitəsilə “Qi” uyğun qurğuların enerji ilə doldurulmasını təmin edir. Onlar, həmçinin “Samsung” şirkətinə məxsus “AKG” brendli stereodinamiklərlə təchiz edilib, eləcə də “Project Athena” proqramı üzrə sertifikatlaşdırılıb.

“Galaxy Book Flex” noutbuku 360 dərəcə dönən “S Pen” elektron qələm dəstəkli sensor displeylə təchiz edilib. 13 düym ekranlı versiya 1,15 kq çəkiyə malik korpusla tədarük edilir və onuncu nəsil (Ice Lake) “Intel Core” prosessoru, quraşdırılmış qrafika, 16 giqabaytlıq “LPDDR4X” operativ yaddaş və 1 terabayt tutumlu “PCIe NVMe SSD” quraşdırılmış yaddaş ilə təchiz olunub.

Məlumatların əlavə təhlükəsizliyi üçün noutbuk barmaq izi skanerinə malikdir. Qurğunun spesifikasiyalarına iki “Thunderbolt 3” çıxışı, “USB-C” portu, “microSD” yaddaş kartı üçün slot və 69,7 vatt-saat tutumlu batareya da daxildir.

“Galaxy Book Flex” modelinin 15,6 düymlük variantı kiçik versiyada olduğu kimi, eyni batareya ilə tədarük edilir, lakin çəkisi 1,52 kq təşkil edir. 2 giqabaytlıq “GDDR5” yaddaşlı “NVIDIA GeForce MX250” diskret videokarta malik konfiqurasiya seçilən zaman qurğunun çəkisi 1,57 kiloqramadək artacaq.

“Galaxy Book Ion” noutbuku adi (sensorsuz) ekrana malikdir. Qurğunun hər iki – 13 və 15 düymlük modeli onuncu nəsil (Comet Lake) “Intel” çipləri, 16 giqabaytlıq “DDR4” operativ yaddaşı və 1 terabayt tutumlu “PCIe NVMe SSD” quraşdırılmış yaddaşı ilə təchiz olunub. Noutbukun 15 düymlük versiyası 16 giqabaytlıq operativ yaddaşın quraşdırılması üçün daha bir “SODIMM” slotuna və “SSD” üçün əlavə slota malikdir və ayrıca “NVIDIA GeForce MX250” diskret videokartı ilə tədarük olunur.

Noutbukun batareya tutumu “Book Flex” modelində olduğu kimi 69,7 vatt-saat təşkil edir. Bundan başqa, qurğuya standart port dəstləri ilə yanaşı, “HDMI” çıxışı quraşdırılıb.

Dekabrda satışa çıxarılacaq noutbukların qiyməti barədə məlumat verilmir.

Nizam Nuriyev

PAYLAŞ