“Raspberry Pi” minikompüterinin yeni modeli təqdim olunub

1466

Böyük Britaniyanın “Raspberry Pi Foundation” şirkəti populyar “Raspberry Pi” birplatalı minikompüterinin dördüncü versiyasını təqdim edib. “Raspberry Pi 4 Model B” adlı yeni qurğunun qeyri-adiliyi istehsal xətti tarixində ən məhsuldar proqram təminatına malik olmasındadır. İstehsalçı nümayəndələrinin sözlərinə görə, 35 dollarlıq minikompüter bir sıra hallarda, o cümlədən “4K” formatlı videonun göstərilməsində ənənəvi fərdi kompüteri əvəz edəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Raspberry Pi 4” modelinin əsasını dörd “ARM Cortex-A72” nüvəsinə malik “Broadcom BCM2711” prosessoru və 1,5 QHs takt tezlikli mərkəzi prosessor (CPU) təşkil edir. Operativ yaddaş tutumu konfiqurasiyadan asılı olaraq 4 giqabayta bərabərdir. “Raspbian” əməliyyat sisteminin idarəetməsi ilə işləyən mikrokompüter iki “micro-HDMI”, iki “USB 3.0 Type-A” və iki “USB 2.0 Type-A” portu ilə təchiz olunub.

Spesifikasiyaya görə, H.265 aparat dekodlamasını dəstəkləyən yeni qurğu “4K” təsvir ölçülü videonu kənar displeydə saniyədə 60 kadr yeniləmə tezliyi (iki 4K monitorun qoşulması zamanı 30 fps) ilə göstərə bilir. “Raspberry Pi 4 Model” minikompüterinin interfeyslər siyahısına 1 giqabitlik “Ethernet” portu ilə yanaşı, “Bluetooth 5.0” və ikidiapazonlu “Wi-Fi 802.11ac” daxildir.

Minikompüterin dördüncü versiyasının başlanğıc qiyməti 35 dollar (1 giqabaytlıq operativ yaddaşla təchiz edilən versiya) təşkil edir. 2 giqabaytlıq operativ yaddaşa malik modifikasiyanın qiyməti 45 dollar, 4 giqabaytlığın isə 55 dollar arasında dəyişir.

Qeyd edək ki, qutu şəklində olan, en və uzunluq ölçüsünə görə vizit kartına bərabər “Raspberry Pi” birplatalı kompüter olmaqla 700 MHs tezliyində işləyən “ARM1176JZF-S” prosessor, “Full HD” təsvir ölçüsünü dəstəkləyən “VideoCore IV” videosürətləndirici və 256 MB operativ yaddaşa malik “Broadcom BCM2835” sistemli çip (SoC) üzərində yığılıb. Qurğu monitora qoşulmaq üçün videoçıxış və “HDMI”, eləcə də qulaqcıq və ya masaüstü audiosistemin qoşulması üçün 3,5 millimetrlik çıxışla təchiz edilib.

Kompüter uşaqlar üçün proqramlaşdırmanın tədrisi məqsədilə nəzərdə tutulsa da, digər sahələrdə populyarlıq qazanıb və onun əsasında media mərkəzləri hazırlanıb.

İlk “Raspberry” minikompüter modeli – “Model B” 2012-ci ilin fevralında buraxılıb və milyonlarla tirajla satılıb.

 

Nizam Nuriyev

 

PAYLAŞ