11-16 iyun 2019-cu il tarixlərdə Türkiyənin İzmir şəhərində “OKSEF-2018” məktəblilərin beynəlxalq elmi ideya və layihə olimpiyadası keçiriləcək. AMEA Aşqarlar Kimyası İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Əfsun Sucayevin verdiyi məlumata görə, dünyanın 40-a yaxın ölkəsindən 100-dən çox iştirakçısının qatılacağı bu möhtəbər tədbirdə ölkəmizi Aşqarlar Kimyası İnstitutnun elmi işçisi Könül Qəhrəmanovanın elmi rəhbəri olduğu Bakı şəhəri Nizami rayonu 251 saylı məktəbin şagirdləri Lalə Allahverdiyeva və Aysu Məmmədova təmsil edəcək. Müsabiqənin ətraf mühit və ekologiya kateqoriyası üzrə final mərhələsinə vəsiqə qazanan layihə “Mikroorqanizmlərin zərəri xeyr ola bilərmi? (Can harm of microorganisms be benefit?)” adlanır.
Layihənin təcrübi hissəsi 2018-2019-cu illər ərzində Aşqarlar Kimyası İnstitutunun “Yağlayıcı-soyuducu mayelərə aşqarlar” laboratoriyasında yerinə yetirilib.
Ə.Sucayev vurğulayıb ki, final mərhələsində ekspert dəyərləndirilməsi ingilis dilində olmaqla 5 dəqiqə poster, 12 dəqiqəlik slaytla şifahi təqdimatdan ibarət olacaq. Qiymətləndirmə üzrə hər kateqoriya üzrə 4 beynəlxalq ekspert iştirak edəcək. Onlar layihəni və müəlliflərin çıxışlarını qiymətləndirib, məktəblilər layihə ilə bağlı sualları cavablandıracaqlar.
Yekunda qaliblərə diplom, medal və xatirə hədiyələri, bütün iştirakçılara isdə sertifikat təqdim olunub.
Müsabiqə çərçivəsində layihə iştirakçılarının təmsil olunduğu ölkələr haqqında qısametrajlı film və milli-mədəniyyət nümunələrinin də nümayişi olacaq.
Məlumat üçün qeyd edək ki, 14 ildir keçirilən bu beynəlxlaq olimpiyadanın əsas məqsədi istedadlı, yaradıcı məktəbliləri elmi və texnoloji araşdırmalar aparmağa həvəsləndirmək, elmi və mədəni mübadilə etmək üçün bütün dünyada eyni yaş qrupundan gəncləri bir araya gətirmək, gənclərin elmi araşdırmalar əsnasında etik qaydaları öyrənməyə və onların yaradıcılıq imkanlarını inkişaf etdirməkdən ibarətdir.
Qeyd edək ki, bu müsabiqə müxtəlif adlar altında ABŞ, İngiltərə, Rusiya, Argentina, İtaliya, İspaniya, Meksika və sair ölkələrdə keçirilir.