Pandemiya şəraitində məhsulların çatdırılması xidmətinə yüksək tələbatı nəzərə alan Sinqapurun “OTSAW Digital” şirkəti tapşırığı həll edən “Camello” adlı robotlar hazırlayıb. Hazırda robotların birillik müddətə testləri keçirilir. Onlar 700 ev təsərrüfatına xidmət göstərirlər.
“ICTnews” Elektron Xəbər Xidməti “IXBT” resursuna istinadən yazır ki, istifadəçilər robotda çatdırılma yerini qeyd edə bilərlər, mobil proqram isə onları robotun təhvil-təslim yerinə nə vaxt çatacağı barədə xəbərdar edəcək.
“3D” sensor və kameralarla təchiz edilən robot hər birində internet vasitəsilə sifariş edilən 20 kiloqram ərzağın və ya bağlamanın çatdırıldığı iki aralığa malikdir. Adi iş günlərdə robot dörd və ya beş çatdırılma edir. Şənbə günü onun xidmətlərindən günortayadək yararlanmaq olar. Hər sifariş yerinə yetirildikdən sonra ultrabənövşəyi şüalanma ilə dezinfeksiya işləri həyata keçirilir.
Test zamanı problemlərin olmamasına əmin olmaq üçün robotlar çatdırılmanı “OTSAW Digital” şirkətinin əməkdaşlarının müşayiəti ilə yerinə yetirirlər.
Nizam Nuriyev