Smartfonların beynin aktivliyinə təsiri araşdırılıb

1488

ABŞ-ın Ratqers Universitetinin alimlərinin qənaətinə görə, fasilədə istirahət etmək üçün mobil telefondan istifadə beyni daha güclü yora və onun sonrakı məhsuldarlığını pisləşdirə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “tass.ru” saytına istinadən yazır ki, alimlər bu məsələni araşdırmaq üçün kolleclərdən birində 414 tələbəyə 20 bilməcə həll etməyi təklif ediblər. Bildirək ki, sınaq iştirakçıları üçün yalnız bir fasilə nəzərdə tutulmuşdu. Onlar istirahət vaxtını telefon, dəftər və kompüter arxasında keçirə, yaxud ümumiyyətlə fasiləsiz işləyə bilərdilər.

“İstirahət vaxtını mobil telefon arxasında keçirən sınaq iştirakçıları digər iştirakçılarla müqayisədə tapşırığın yerdə qalan hissəsini həll etmək üçün 19% daha çox vaxt sərf ediblər və 22% daha az bilməcə həll ediblər” – araşdırmada deyilir.

Telefondan istifadə edən iştirakçılar tapşırığın sonuna yaxın çox yorulublar və bilməcələrin həlli üzrə pis nəticə göstəriblər. Məlum olub ki, onların məhsuldarlıq səviyyəsi ümumiyyətlə istirahət etməyən tələbələrdən az fərqlənib.

Emil Hüseynov

PAYLAŞ