Smartfonun köməyilə qanazlığı xəstəliyinə diaqnoz qoymaq mümkün olub

1838

Corciya Texnologiya İnstitutu və Emori Universitetinin həkimlər qrupu tərəfindən hazırlanmış mobil proqram qanazlığı xəstəliyinə diaqnoz qoymağa imkan verir. Sözügedən mobil proqram sayəsində istifadəçi analizləri vermədən, sadəcə, barmaqlarının şəklini çəkməklə qanazlığı xəstəliyinin simptomlarını asanlıqla aşkar edə bilər.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, qanazlığı – insan orqanizmində qeydə alınan pozulmadır və bu zaman qanda eritrosit və hemoqlobinin miqdarı azalır. Qanazlığı xəstəliyi üçün hamiləlik zamanı ağırlaşmalar, tez yorulma və ürək-damar xəstəlikləri xarakterikdir. Dünyada 2 milyarddan çox insan qanazlığı xəstəliyindən əziyyət çəkir.

Qanazlığı xəstəliyi daha çox inkişaf etməkdə olan ölkələrdə yayılıb, malyariya, QİÇS və başqa yoluxucu xəstəliklər, həmçinin, dəmir və vitamin çatışmazlığı ilə ağırlaşır. Qanazlığı xəstəliyinin diaqnostikası qan nümunələri və bahalı laboratoriya avadanlığı tələb edir ki, adətən gəliri az olan kasıb regionların sakinləri üçün əlçatmazdır.

Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən 337 nəfər və 72 sağlam insanın iştirak etdiyi tədqiqat mobil proqramın səmərəliliyini sübut edib. 4 həftəlik yoxlamanın yekununa görə, kompüter alqoritmləri hemoqlobinin miqdarını tibbi müayinə ilə müqayisədə daha dəqiq müəyyənləşdirib.
http://www.ictnews.az

PAYLAŞ