Külək generatorları ekologiyaya zərər vurmadan enerji hasil etməyə imkan verir. Ancaq külək generatorlarını tamamilə təhlükəsiz adlandırmaq da olmaz. Məlum olub ki, onlar yaxınlıqdan uçan quşların ölümünə səbəb olur. Alimlər tərəfindən hazırlanmış “ağıllı” sistem quşlar yaxınlıqdan uçduqda turbinlərin işini dayandırır. Bu, quşların ölümünü 82% azaltmağa imkan verib.
“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, quşlar əla görmə qabiliyyətinə malikdirlər, ona görə onlar bir çox hallarda külək generatorlarının bıçaqlarını ayırd edə bilirlər. Ancaq quş ov zamanı öz qurbanını təqib etdikdə bıçaqlar kor zonada ola bilər ki, bu da turbinlə toqquşma riskini yüksəldir. Alimlər bu problemi həll etmək üçün “IdentiFlight” adlı “ağıllı” kamera hazırlayıblar. O, quşların yaxınlaşmasını təhlil edərək qurğunun turbininin işini vaxtında dayandıra bilir.