Bu il fevralın 18-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda baş tutan plenar iclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdimatında ölkəmizin siyasi qələbəsinin növbəti təntənəsinə şahidlik etdik. Ermənistanın başı bəlalı baş naziri Nikol Paşinyanın təqdimatında isə rəzil qonşularımızın siyasətinin növbəti “Münhen biabırçılığı”nı izlədik. Bunu təkcə biz demirik. İki gündür, danışmaqdan yorulmayan Ermənistan politoloqları, eləcə də mətbuatı yazır ki, İlham Əliyev Ermənistanı və baş nazirini dünya birliyi qarşısında yenə də “sındırdı”. Bu şəxs sanki hakimiyyətə gəldiyi ilk gündən üzərinə öhdəlik götürüb ki, olmayan dövlətini, xalqını və millətini fürsət düşən kimi ən üst tribunalarda məntiqsiz şərhləri, anlaşılmayan rabitəsiz fikirləri ilə biabır etsin. Əks halda o, belə bir yüksək səviyyəli interaktiv müzakirəyə ümumiyyətlə, qoşulmamalı idi. Axı, Nikol Paşinyan nə az, nə çox 2 il bundan əvvəl 2020-ci ilin məhz, fevral ayında, məhz, Münhen şəhərində bu formada acınacaqlı duruma düşmüşdü. Onun o zaman Ermənistan-Azərbaycan Qarabağ münaqişəsi ilə bağlı təşkil olunmuş panel müzakirəsində çaşsa da, doğruları söyləyərək, ancaq işlətdiyi “Kokeyşn büro” deyimi, dillər əzbərinə çevirilərək, şəxsini məzhəkə obyektinə çevirmişdir.
Bu dəfə də spikerin yaratdığı “xüsusi” şərait, panelin mövzusuna uyğun gəlməyən bəzi sualları belə Nikol Paşinyana kömək etmədi. Hakimiyyətə küçədən gəldiyi, küçə təfəkkürlü olduğu üçün nə danışığını bilir, nə də etdiyini dərk edir. Danışdıqca çaşır, çaşdıqca özünü gülünc vəziyyətə salır. Panelin aparıcısının istər Rusiya-Ukrayna müharibəsinin regiona təsirləri, istərsə də Azərbaycan-Ermənistan sülh danışıqları üçün nələrin edilməsilə bağlı suallarına verdiyi cavablarda ölkəsindəki demokratik islahatlar, seçkilər, demokratik təsisatların inkişafı, qanunun aliliyinin, insan haqları, müstəqil məhkəmə sisteminindən dən vurması nəinki panel iştirakçılarını, ekran qarşısında debatı izləyən hər kəsi təəccübləndirməyə bilməzdi. Dahi Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasında Məşədi İbadın dilindən deyilən sonradan məşhur zərbi-məsələ çevrilən “Mən özüm “Tarixi-Nadir” kitabını yarıya qədər oxumuşam, amma sənin dilini anlamıram…” sözləri necə yerinə düşür.
Azərbaycan tərəfindən “Kapitulyasiya” və s. kimi səslənən ifadələri hökumətinə və xalqına az qala təhqiramiz sözlər kimi qəbul edən dövlətin birinci şəxsi Azərbaycanın şüşə qəlbli Şuşasında “Qarabağ Ermənistandır, nöqtə” deyəndə, araq içib rəqs edəndə, “Ermənistandan Cəbrayıla yol çəkəcəyik” və sair söyləyəndə düşünməli idi ki, qarşısındakının hissləri ilə oynamağın ağır bir bədəli olacaq.
Nə qədər xəstə təxəyyülün məhsulu olasan ki, dünya tərəfindən tanınan ərazisinin 20 faizini 30 ilə yaxın müddətdə işğal altında saxladığın ölkəni işğalçılıqda ittiham edəsən və ya elə bu müddət qədər Naxçıvanı blokada şəraitində saxladığını görməzdən gələrək, rus sülhməramlıların müvəqəti nəzarətində olan torpaqlarda illərlə törətdiyiniz ekoloji cinayətlərə qarşı 70 gündür ki, ekofəallarımızın Xankəndi-Laçın yolunda keçirdikləri dinc aksiyanı bölgənin azsaylı erməni vətəndaşlarını humanitar bolokada da saxalamaq kimi dəyərləndirəsən.
Tarixin ironiyasına bir baxın ki, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın (Kapitulyasiya Aktı) erməni silahlı birləşmələrin və separatçı qalıqların bölgəni tamamilə tərk etməsi, “Zəngəzur dəhlizi”nin açılması ilə bağlı bəndlərə əməl etməyən bir ölkənin baş naziri “Laçın dəhlizi”n açıq saxlanması müddəasına riayyət olunmaması ilə əlaqədar Azərbaycan tərəfini günahlandırır.
Azərbaycan prezidenti cənab İlham Əliyev isə həmişə olduğu kimi səlis, aydın, məntiqli cavabları ilə Ermənistan və onun havadarlarına bir çox mühüm mesajlarını çatdırmış oldu ki, onları aşağıdakı kimi ümumiləşdirmək olar:
Birincisi, Azərbaycanın ərazisində artıq “Dağlıq Qarabağ” adlı ərazi vahidi olmadığı üçün rusdanqalma bu kəlməni leksikondan birdəfəlik çıxarmaqla Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmət etmək hamının borcudur.
İkincisi, Qarabağda yaşayan ermənilər öz vətəndaşlarımız olduğu üçün yaxın gələcəkdə Azərbaycan-Ermənistan arasında aparılacaq sülh danışıqlarda Qarabağ müddəası heç vaxt olmayacaq. Çünki bu məsələ artıq Azərbaycanın daxili işidir. Belə olan halda Qarabağda toplu şəkildə yaşayan ermənilərin hüquqları və təhlükəsizlik məsələsini müzakirə etmək üçün erməni icmasının üzvləri ilə danışıqlar, ancaq bir şərtlə – Rusiyadan ixrac olunan Ruben Vardanyan kimi separatçı tör-töküntüləri bölgəni tərk etdikdən sonra mümkün olacaq.
Üçüncüsü, həm Azərbaycanın qərb regionunu Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizinin qurtaracağında, həm də Laçınla Ermənistan sərhədində nəzarət-buraxılış məntəqələri yaradılmalıdır.
Dördüncüsü, dövlətimiz bütün dönəmlərdə sülh tərəfdarı olsa da təəssüf ki, yaşadığı təcrübədə bu xoşməramlı, sülpərvər niyyəti ona kömək etməyib. Nəticədə BMT-nin 51-ci fəslinin verdiyi haqq və hüquqlardan istifadə edərək ədaləti qolunun qüvvəsi ilə həll etmək məcburiyyətində qaldı. Bəli, əgər 44 günlük Vətən Müharibəsində torpaqlarımızı güc yolu ilə həll etməsəydik, 28 il sürən mənasız sülh danışıqları daha 28 il davam edəcəkdir.
Nəhayət, beşincisi, Qafqaza gətirdiyimiz reallıqları müharibədən dərhal sonra keçirilən seçkilərdə Nikol Paşinyan hökumətinə yenidən ehtimad göstərməklə erməni xalqının qəbul etdiyi kimi hər kəsin, o cümlədən danışıqlarda tərəf tutmaqla, bir növ ona olan inamımızı sarsıdan Fransa kimi Ermənistanın bütün dostlarının başa düşməsi lazımdır. Əks halda bundan yenə də Ermənistan zərər görəcək…
… İki ölkə arasında mübahisəli məsələlərin həllinin demokratiyadan, şəffaflıqdan, dialoqdan, bölgədəki bütün dövlətlərə qarşılıqlı hörmətdən aslı olduğunu dilə gətirən Nikol Paşinyan bir şeyi unudur ki, səmimiyyətdən uzaq səsləndirdiyi bütün dəyərlərin önündə AZADLIQ gəlir. Amma erməni zavallısı hardan bilsin ki, azadlıq yanğısı nə deməkdir? O dəhşətli yanğı ki, ürəyimizi yandırıb külə döndərir. İstər acı olsun, istər şirin, o, idi bizim qəhrəman igid oğullarımızı 44 gün müddətində döyüşdən döyüşə aparırdı. Ancaq və lakin həmişə başqalarının qapazı altında yaşayan zavallı Ermənistan rəhbərləri və vətəndaşları anlamadı ki, bu dünyada 40 il boyunduruq altında sürünməkdənsə, bir gün azad olmağı üstün tutan xalqı nə işğal etmək, nə də işğalda saxlamaq mümkün deyil. Bəli, dövlət başçımızın da qeyd etdiyi kimi bizim davamız işğalçılıq yox, azadlıq müharibəsi olduğu üçün qalib olduq, tarix yazdıq. Bu da gərək ki, ermənilərə tarixi dərs olsun!!!
Əfsun Sucayev
YAP İdarə Heyətinin üzvü,
elmlər doktoru