UFAZ nümayəndələri AMEA Aşqarlar Kimyası İnstitutunda olublar

851

08 iyun 2021-ci il tarixində AMEA-nın akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) Fransa-Azərbaycan Universitetinin (UFAZ) nümayəndələri ilə görüş keçirilib.

Görüşdə İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev, elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Əfsun Sucayev, UFAZ-ın Elmi araşdırmalar departamentinin rəhbəri, professor Filip Turek, icraçı direktoru Vazeh Əskərov, baş katib Elizaveta Bydanova iştirak etmişlər.

Akademik Vaqif Fərzəliyev qonaqlara institutun yaranma tarixi, əsas elmi istiqamətləri, əldə etdiyi nəticələr, yüksəkixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq və dünyanın aparıcı elm mərkəzləri ilə yerinə yetirilən müştərək beynəlxalq tədqiqatlar haqqında geniş məlumat verdi.

UFAZ-ın icraçı direktoru Vazeh Əskərov təmsil etdiyi universitetin fəaliyyəti haqqında məlumat verərək, bu fəaliyyətdə önəm verdikləri əsas məqsədin mükəmməl və beynəlxalq səviyyəli universitet qurmaq, həm Fransa, həm də Azərbaycan üçün qarşılıqlı faydalı, yüksək səviyyəli, uzun-müddətli elmi-texniki əməkdaşlığı yaratmaq və inkişaf etdirmək, Azərbaycanda ali təhsil sistemində edilən islahatları təşviq etmək, xüsusilə də elm və yüksək texnologiyalar sahələrində, yaxın əməkdaşlıqda Azərbaycanın ictimai-iqtisadi inkişafına kömək edəcək fransız və ingilisdilli yüksək ixtisaslı işçi qüvvəsi yaratmaq və nəhayət iki ölkə arasında vahid elm-təhsil  platforması yaratmaq olduğunu bildirdi.

UFAZ-ın nümayəndələri AMEA tədqiqat institutları ilə birgə elmi-tədqiqat işləri və informasiya mübadiləsinin aparılması, tələbələrin elmi işə cəlb olunmaları, onlarda tədqiqatçılıq və peşə fəaliyyəti üçün zəruri olan praktiki vərdişlərin formalaşdırılması istiqamətində perspektivlərdən söz açıb, əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Sonra ikitərəfli əməkdaşlıq perspektivləri barəsində UFAZ-ın yeni yaradılmış elmi araşdırmalar departamenti ilə  AKİ-nin gələcəkdə birgə layihələrin həyata keçirilməsi, eləcə də universitetin bakalavr və magistr tələbələrinin İnstitut laboratoriyalarında təcrübə keçmələri ilə bağlı məsələlər müzakirə olundu.

PAYLAŞ