“WhatsApp”da yeni fırıldaqçılıq sxemi aşkarlanıb

789

“WhatsApp” messencerinin istifadəçilərinə fırıldaqçılara onların hesablarını ələ keçirməyə imkan verən yeni sxem barədə xəbərdarlıq edilib. Profillərin oğurlanması telefon nömrəsinə və messencer tərəfindən istifadə edilən SMS təsdiqetmənin qoşulması səbəbindən mümkün olub.

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, yeni qurğuda hesaba daxil olmaq üçün “WhatsApp” istifadəçilərindən onlara SMS vasitəsilə gələn xüsusi kodun daxil edilməsi tələb olunur. Hakerlər məhz bundan istifadə etməyə başlayıblar. “WhatsApp” və ya “Facebook”da potensial qurbanın tanışını ələ keçirən fırıldaqçılar onlara “Məndə SMS işləmədiyinə görə “WhatsApp” kodunu ala bilmirəm. Mən parolu sənin nömrənə göndərməyi xahiş etdim. Zəhmət olmasa, onu mənə göndər” məzmununda məlumat göndərirlər.

Bildirilir ki, qurbanın telefonuna gələn kod onun şəxsi “WhatsApp” hesabına daxil olmaq üçün lazımdır. İstifadəçi məlumatları SMS vasitəsilə göndərən zaman hakerlər onun hesabını ələ keçirirlər. Bundan başqa, bir sıra fırıldaqçılar onlara özlərini “WhatsApp” nümayəndələri kimi qələmə verməyə imkan verən hesablar yaratmağa başlayıblar. Hakerlər istifadəçidən hesaba daxil olmaq üçün məlumatları onların şəxsi bildirişlər bölməsinə göndərməyi tələb edirlər.

Messencer istifadəçilərinə xatırladılıb ki, “WhatsApp” istifadəçilərdən heç vaxt digər istifadəçilərə şəxsi məlumat və ya təsdiq kodlarını göndərməyi tələb etmir.

Nizam Nuriyev

 

PAYLAŞ