Yeni robot uşaqlara proqramlaşdırmanı öyrədəcək

1554

Çinin “DJI” pilotsuz uçan aparatlar istehsalçısı “RoboMaster S1” adlı döyüş təlimi robotu hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Popmech” resursuna istinadən yazır ki, 46 hissədən ibarət dəst kimi tədarük edilən robot quraşdırma və istismar üçün proqramlaşdırmanı öyrənməyi tələb edir. On dörd yaşdan yuxarı uşaqlar üçün nəzərdə tutulan “RoboMaster S1” 4 təkərə malikdir və 13 km/s sürətlə hərəkət edir. Yuxarıda gel kürəciklər atan idarə olunan tank qülləsi yerləşir. Tankın infraqırmızı lüləsi də var.

Göyərtə 31 ötürücü ilə təchiz olunub ki, onun da 6-sı döyüş zamanı hədəfə dəymənin aşkarlanması üçün nəzərdə tutulub. Quraşdırılmış kamera istifadəçilərə robotu xüsusi mobil əlavə vasitəsilə FPV rejimində idarə etməyə imkan verir, kompüter görmə sistemi isə aparata maneələri aşkarlamağa və digər “RoboMaster S1” robotlarından siqnalları qəbul etməyə kömək edir.

Robot, həmçinin “Follow Mode”, jestlərin tanınması, digər “RoboMaster S1” robotlarının aşkarlanması, səslərin müəyyənləşdirilməsi, xətt və vizual naviqasiya markerləri üzrə hərəkət imkanı funksiyasına malikdir. Bundan başqa, robotu mobil əlavə vasitəsilə əllə idarə etmək mümkündür. Arxa paneldə eninə-impuls modulyasiya portu (PWM) yerləşir.

Müxtəlif funksiyaların proqramlaşdırılması üçün “Scratch 3.0” və “Python” dillərindən istifadə olunur.

“RoboMaster S1” robotunun qiyməti 499 dollar təşkil edir.

Nizam Nuriyev

PAYLAŞ