AMEA-nın Aşqarlar Kimyası İnstitutunun “onlayn” rejimdə bir neçə istiqamətdə fəaliyyəti davam edir

305

Azərbaycan Milli Elmlər Akademiyası akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu koronavirus pandemiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə bir neçə istiqamətdə fəaliyyət göstərib. Bu haqda “AZƏRTAC”a məlumat verən İnstitutun direktoru, akademik Vaqif Fərzəliyevin sözlərinə görə, hazırda I kurs magistrantlarının distant tədrisi iyun ayının 15-ə qədər davam edəcək, sonra onlar ənənvi formatda İnstitutda imtahan verəcəklər: “Eyni zamanda doktorant və magistrantların elmi-metodiki məsləhətlər almaq üçün elmi rəhbərləri ilə distant məsləhət saatlarının təşkili də uğurla davam edir”.

V.Fərzəliyev qeyd etdi ki, 18 may tarixindən etibarən karantin rejiminin yumşaldılması ilə əlaqədar İnstitut real iş rejimində fəaliyyət göstərsə də, işə cəlb olunan işçilərin say etibarı ilə müəyyən məhdudiyyətlər qalmaqdadır: “Ona görə xüsusi risk qrupuna daxil olan, xroniki xəstəliklərdən əziyyət çəkən İnstitut əməkdaşları növbətçilik prinsipilə ilə evdə olduğu müddətdə öz tədqiqat sahələri üzrə internet vasitəsi ilə məlumatların toplanması, analizi və ümumiləşdirilməsi, eyni zamanda elmi məqalələrin yazılması və nəşrə təqdim olunması işlərini davam etdirirlər”.

İnstitut direktoru bildirdi ki, elmi işçilər “onlayn” rejimdə seminar, video-konfranslarda mütəmadi iştirak edirlər, onlar tərəfindən “Vikipediya” üçün Azərbaycan dilində məqalələr hazırlanıb yerləşdirilir: “Beynəlxalq əlaqələrin lazımi səviyyədə saxlanılması üçün “onlayn” rejimdə videomüzakirələr yüksək səviyyədə təşkil edilir. İnstitut alimlərinin bir sıra nüfuzlu beynəlxalq jurnalların eksperti (rəyçisi) kimi fəaliyyətini qeyd etmək olar. Həmçinin İnstitutun gənc alim və mütəxəssisləri respublika miqyasında keçirilən “Dünya və gənclər yeni şəraitdə” və “Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin memarı” videokonfranslarda iştirak ediblər”.

V.Fərzəliyev bildirdi ki, həm İnstitut rəhbərliyi, həm də sıravi əməkdaşlar tərəfindən mütəmadi olaraq elektron KİV-lərə müsahibələr verilir, həmçinin institutun rəsmi veb saytı da onlayn şəkildə fəaliyyətini davam etdirir.

PAYLAŞ