Mühafizəedici üzvi birləşmələr laboratoriyası

Laboratoriya müdiri

kimya elmləri doktoru, professor,

akademik, Əməkdar elm xadimi

VAQİF FƏRZƏLİYEV

Yeni üzvi birləşmələrin sintezi və onların neft məhsullarının mikrobioloji zədələnməsi və metalların paslanmasına qarşı mühafizəedici                                                                               xassələrinin tədqiqi

Laboratoriya 1981-ci ildə yaradılmışdır. Müxtəlif illərdə laboratoriyaya texniki elmlər doktoru, professor İlya Eloviç (1981-1991) və kimya elmləri doktoru Mais Şahgəldiyev (1991-1993) rəhbərlik etmişlər. 1993-cü ildən laboratoriyaya kimya elmləri doktoru, professor, AMEA-nın akademiki, Əməkdar elm xadimi Vaqif Fərzəliyev rəhbərlik edir.

Laboratoriyanın əməkdaşları yüksək təsirli mühafizəedici aşqarların sintezi və onların sürtkü yağlarına, yanacaqlara və yağlayıcı-soyuducu mayelərə (YSM) aşqar kimi tədqiqi sahəsində elmi işlərlə məşğul olur.

Uzun illərdir ki, laboratoriyada alkilfenollar, aromatik hidroksibenzaldehidlər, aromatik turşular və heterotsiklik aminlər əsasında tərkibində hidroksil, sulfhidril, alkilsulfid qrupları saxlayan ilkin maddələr sintez edilmiş və bu maddələrin Mannix reaksiyası üzrə aminometilləşdirilməsi nəticəsində tərkibində N- və S- saxlayan birləşmələr və orto-, para– hidroksibenzaldehidlər əsasında sulfidlər, disulfidlər, azometinsulfidlər, azometindisulfidlər, metalkomplekslər sintez edilmişdir.

Morfolin- və piperidin-2-hidroksipropantiol-3 – lərin formaldehid, ikili alifatik və heterotsiklik aminlərlə kondensləşməsindən alınan aminometil törəmələri və eləcə də onların orqanilhalogenidlərlə reaksiyalarından alınan bir sıra sulfidlər sürtkü yağlarına mühafizəedici aşqar kimi tədqiq edilmişdir. Bu tədqiqatların nəticələri 3 məqalə və 2 patentdə öz əksini tapmışdır, eləcə də 1 patent göndərilmişdir.

2018-ci ildə laboratoriyanın əməkdaşları Azərbaycan Respublikasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunan ixtiraçılıq sahəsində nailiyyətlərinə görə “ İlin patenti “ nominasiyası üzrə Respublika Müsabiqəsində 3-cü dərəcəli diploma layiq görülmüşlər.

Aparılmış tədqiqatların nəticəsində birləşmələrin quruluşu ilə funksional effektliyi arasındakı asılılıq müəyyənləşdirilmiş, sürtkü yağları üçün mühafizəedici aşqarların sintezinin elmi əsasları işlənilmiş və praktiki tövsiyələr verilmişdir.

Laboratoriyanın əməkdaşları tərəfindən yerli xammallar əsasında işlənilmiş AzK-18 konservasiya yağı hal-hazırda sənaye miqyasında uğurla tətbiq edilir.

Laboratoriyada ilk dəfə olaraq 1,2- və 1,3-alkanolaminlərin (və ya 1,2-, 1,3-alki­lendiaminlərin) formaldehid və hidroksil qrupu saxlayan birləşmələrlə üçkomponentli kondensləşmə reaksiyası öyrənilmiş və nəticədə ədəbiyyatda məlum olmayan 1,3-di­heterotsikloalkanların alkoksimetil törəmələri sintez edilmişdir. Morfolin, piperidin, heksametilenimin, piperazin, 1,3,5-triazaadamantan, aziridin, diaziridinlərin alkoksimetil törəmələri və merkaptobenzotiazolun, -oksazolun, -imidazolun aminometil törəmələri sintez olunmuşdur. Sınaqların nəticələri sintez edilmiş birləşmələrin yüksək antimikrob aktivliyə, yaxşı yuyucu və korroziyaya qarşı xassələrinə malik olduğunu göstərmişdir.

Bundan başqa sintez edilmiş birləşmələrin bir sıra enzimlərə qarşı fizioloji xassələri öyrənilmiş və onların çox yüksək aktivliyə malik olduğu aşkarlanmışdır. Bu tədqiqatların nəticələri 2 məqalədə öz əksini tapmışdır.

Tədqiqatlar nəticəsində YSM-i mikrobioloji zədələnmədən mühafizə edən yüksək effektli antimikrob aşqarlar (Азин və Укасид seriyalı biosidlər), neftçıxarma sənayesində sulfatreduksiyaedici bakteriyalara qarşı bakterisidlər – Азин-5, Азин-6 və eləcə də xəstəxanadaxili infeksiyalara qarşı dezinfeksiyaedici vasitə – Tsiklazol işlənilmiş və istehsalata tətbiq edilmişdir.

Азин seriyalı biosidlər sənayedə tətbiq edilmiş və istehsalı Ukraynanın Şostka şəhərində təşkil edilmişdir.

Antimikrob aşqarlar sahəsində aparılan tədqiqatlar nəticəsində onların quruluşu və tərkibi ilə funksional təsiri arasında olan qanunauyğunluqlar müəyyən edilmiş və onların təsir mexanizminə dair mülahizələr irəli sürülmüşdür.

Gələcək perspektivdə laboratoriyada heterotsiklik və aromatik aminlərin epixlorhidrinlə reaksiyaları əsasında alınmış birləşmələrin çevrilmə reaksiyalarından yeni N- və S- əvəzli birləşmələrin sintezi və onların yağlara mühafizəedici aşqar kimi tədqiqi və eləcə də tərkibində N-, S-, O- saxlayan heterotsiklik birləşmələrin yeni törəmələrinin sintezi və onların antimikrob aşqar kimi tədqiqi nəzərdə tutulur.