Mühafizəedici aşqarlar laboratoriyası

Laboratoriya müdiri

kimya üzrə elmlər doktoru, professor,

akademik, Əməkdar elm xadimi

VAQİF FƏRZƏLİYEV

Sürtkü yağlarının mühafizəedici xassələrini yaxşılaşdıran aşqarların sintezinin elmi əsaslarının işlənilməsi və onların istehsalata tətbiq edilməsi

Laboratoriya 1981-ci ildə yaradılmışdır. Müxtəlif illərdə laboratoriyaya texnika üzrə elmlər doktoru, professor İlya Eloviç (1981-1991) və kimya üzrə elmlər doktoru Mais Şahgəldiyev (1991-1993) rəhbərlik etmişlər. 1993-cü ildən laboratoriyaya kimya üzrə elmlər doktoru, professor, AMEA-nın akademiki, Əməkdar elm xadimi Vaqif Fərzəliyev rəhbərlik edir.

Laboratoriyanın əməkdaşları yüksək təsirli mühafizəedici aşqarların sintezi və onların sürtkü yağlarına, yanacaqlara və yağlayıcı-soyuducu mayelərə (YSM) aşqar kimi tədqiqi sahəsində elmi işlərlə məşğul olur.

Uzun illərdir ki, laboratoriyada alkilfenollar, aromatik hidroksibenzaldehidlər, aromatik turşular və heterotsiklik aminlər əsasında tərkibində hidroksil, sulfhidril, alkilsulfid qrupları saxlayan ilkin maddələr sintez edilmiş və bu maddələrin Mannix reaksiyası üzrə aminometilləşdirilməsi nəticəsində tərkibində N- və S- saxlayan birləşmələr və orto-, para– hidroksibenzaldehidlər əsasında sulfidlər, disulfidlər, azometinsulfidlər, azometindisulfidlər, metalkomplekslər sintez edilmişdir.

4-Merkaptometil-, 4-metiltiometil-, 4-epoksipropiltiometil- və 4-epoksipropil­oksimetil-2,6-diüçlübutilfenollardan istifadə etməklə tərkibində müxtəlif funksional qruplar saxlayan bir sıra birləşmələr alınmış və yağlara mühafizəedici aşqar kimi tədqiq edilmişdir. Aparılmış tədqiqatların nəticəsində birləşmələrin quruluşu ilə funksional effektliyi arasındakı asılılıq müəyyənləşdirilmiş, sürtkü yağları üçün mühafizəedici aşqarların sintezinin elmi əsasları işlənilmiş və praktiki tövsiyələr verilmişdir.

Laboratoriyanın əməkdaşları tərəfindən yerli xammallar əsasında işlənilmiş AzK-18 konservasiya yağı hal-hazırda sənaye miqyasında uğurla tətbiq edilir.

Laboratoriyada ilk dəfə olaraq 1,2- və 1,3-alkanolaminlərin (və ya 1,2-, 1,3-alki­lendiaminlərin) formaldehid və hidroksil qrupu saxlayan birləşmələrlə üçkomponentli kondensləşmə reaksiyası öyrənilmiş və nəticədə ədəbiyyatda məlum olmayan 1,3-di­heterotsikloalkanların alkoksimetil törəmələri sintez edilmişdir. Morfolin, piperidin, heksametilenimin, piperazin, 1,3,5-triazaadamantan, aziridin, diaziridinlərin alkoksimetil törəmələri və merkaptobenzotiazolun, -oksazolun, -imidazolun aminometil törəmələri sintez olunmuşdur. Sınaqların nəticələri sintez edilmiş birləşmələrin yüksək antimikrob aktivliyə, yaxşı yuyucu və korroziyaya qarşı xassələrinə malik olduğunu göstərmişdir.

Tədqiqatlar nəticəsində YSM-i mikrobioloji zədələnmədən mühafizə edən yüksək effektli antimikrob aşqarlar (Азин və Укасид seriyalı biosidlər), neftçıxarma sənayesində sulfatreduksiyaedici bakteriyalara qarşı bakterisidlər – Азин-5, Азин-6 və eləcə də xəstəxanadaxili infeksiyalara qarşı dezinfeksiyaedici vasitə – Tsiklazol işlənilmiş və istehsalata tətbiq edilmişdir.

Азин seriyalı biosidlər sənayedə tətbiq edilmiş və istehsalı Ukraynanın Şostka şəhərində təşkil edilmişdir.

Antimikrob aşqarlar sahəsində aparılan tədqiqatlar nəticəsində onların quruluşu və tərkibi ilə funksional təsiri arasında olan qanunauyğunluqlar müəyyən edilmiş və onların təsir mexanizminə dair mülahizələr irəli sürülmüşdür.