Laboratoriya müdiri
kimya üzrə fəlsəfə doktoru, dosent
ORUC NƏBİYEV
Üzvi birləşmələrin tərkibi və quruluşunun analitik üsullarla təyini, onların və kompozisiyaların fiziki-kimyəvi tədqiqi
Laboratoriya 1965-ci ildən – AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu yarandığı tarixdən fəaliyyət göstərir. 1965-2021-ci illərdə laboratoriyaya kimya üzrə fəlsəfə doktoru Sadıх Hüseynzadə, kimya elmləri doktorları Bəybala Həsənov, Nazim Mustafayev, Sabir Məmmədov və Mahizər Əliyeva rəhbərlik etmişlər. 2022-ci ildən laboratoriyaya kimya üzrə fəlsəfə doktoru Oruc Nəbiyev rəhbərlik edir.
Laboratoriyada istifadə olunan əsas analiz üsulları bunlardır: makro və mikro-kimyəvi analiz; xromatoqrafik analiz üsulları (qaz-maye, qaz-udulma, incətəbəqəli xromatoqrafiya); termoanalitik analizlər (differensial-termiki, differensial-qravimetrik analizlər) və spektral analizlər.
Analitik laboratoriyaya təqdim olunan aşqar, yanacaq, sürtkü yağları və onların kompozisiyalarında elementlər və metallar standartlaşdırılmış üsullarla təyin edilir.
Sintez edilmiş üzvi birləşmələrin başlanğıc, aralıq və son məhsullarının təmizliyi xromatoqrafik analiz üsulları ilə müəyyən edilir.
Yanacaqlara və sürtkü yağlarına əlavə edilən aşqarların tərkibində O, H, P, N, S heteroatomları olduğu üçün onlar çox polyar olmaqla yanaşı, yüksək qaynama temperaturuna malikdir. Odur ki, bu birləşmələri analiz etmək üçün mövcud fiziki-kimyəvi analiz üsulu olan qaz-maye xromatoqrafiya üsulundan fərqli olaraq, hərəkət edən faza – su buxarı və üzvi həlledicilərdən (aseton, heksan, etanol) istifadə edilən yeni üsul – buxar fazalı xromatoqrafiya üsulu işlənilmişdir.
İlk dəfə olaraq analiz edilən üzvi birləşmələrin paylanma əmsalları təcrübi yolla müəyyən edilmiş, yeni model təklif edilmiş və bununla demək olar ki, xromatoqrafiya sahəsinə yeni töhfə verilmişdir. İnert qazın buxar fazalı hərəkət edən faza ilə əvəz edilməsinin kolonkaların effektivliyinin artmasına və yüksək dərəcədə qaynayan üzvi birləşmələrin tutulma vaxtının azalmasına imkan yaratdığı təcrübi olaraq sübut edilmişdir.
Azərbaycanın təbii ehtiyatı olan seolit-diatomit əsasında qaz-maye və buxar fazalı xromatoqrafiya üsulu üçün göstəriciləri ən yaxşı xarici analoqlara uyğun olan yeni bərk daşıyıcı işlənilmişdir. Bu iş Azərbaycan Respublikasının patenti ilə müdafiə olunmuşdur (İ 2005 0138).
Buxar fazalı xromatoqrafiya üsulu ilə analiz edilən üzvi birləşmələri detektə etmək üçün ilk dəfə olaraq iki yeni ionlaşdırıcı agent – yüksək həssaslığa malik formamid və karbon-2-sulfiddən istifadə olunması təklif edilmişdir. Bu üzvi birləşmə buxarlarının alov əmələgətirici agent kimi istifadəsi xromatik sistemi çox sadələşdirir və bəzi üstünlüklərə malikdir: hidrogen yaradan mənbəyə ehtiyac qalmır; sürəti və maddə sərfini nizamlamaq asan olur; qaz balonlarına ehtiyac olmur.
İnstitutda sintez edilmiş üzvi birləşmələrin tərkibi və quruluşu spektral analiz üsulları ilə təyin edilir.
Laboratoriyada aparılan elmi istiqamətlərdən biri də yeni sintez edilmiş üzvi birləşmələrin, aşqarların, yağ kompozisiyalarının termoanalitik tədqiqatlarıdır. Məqsəd bu birləşmələrin yüksək temperatur şəraitinə davamlığının, onların quruluşu ilə yağlara müxtəlif təyinatlı aşqar kimi effektliyi arasındakı qanunauyğunluqların təyin edilməsidir.