Mütəxəssislər monitorun parlaqlığı vasitəsilə kompüterlərə müdaxilə etməyi öyrəniblər

259

İsrailin Ben-Qurion Universitetinin tədqiqatçıları cihaza fiziki giriş imkanına malik olmadan və internetə qoşulma olmadan fərdi kompüterdən məlumatları oğurlamaq üçün qeyri-adi metod aşkar ediblər. Bunun üçün onlar monitorun parlaqlığını izləyirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, yeni metod LCD ekranın parlaqlığındakı kiçik dəyişiklikləri izləyir. Belə dəyişiklikləri insan gözü ilə görmək mümkün deyil, amma kamera onları problemsiz qeydə alır. Lakin əvvəlcə qurbanın kompüterinə istənilən üsulla xüsusi proqram təminatı quraşdırılmalıdır. Bundan sonra cinayətkar uzaq məsafədən məlumatları oğurlaya bilər.

Qurğuya müdaxilə etmiş virus şifr, şifrləmə açarları, fayllar, foto və başqa bu kimi vacib məlumatları toplamağa başlayır. Bundan sonra toplanılmış informasiya “0” və “1” şəklində ikili koda modullaşdırılır, monitor isə parlaqlığın tənzimlənməsi yolu ilə bu siqnalları ötürür. Bu üsul öz prinsipinə görə Morze əlifbasını xatırladır. Bundan sonra cinayətkarlar siqnalı ələ keçirmək üçün videomüşahidə kameralarına giriş əldə etməlidirlər.

Maraqlıdır ki, bu universitetin mütəxəssisləri əvvəllər klaviatura, qulaqlıq və qidalanma kabeli vasitəsilə kompüterə müdaxilə edə bilmişdilər.

Emil Hüseynov

 

PAYLAŞ