2023-cü ilin Nobel laureatlarının adları elan olunacaq

104

Nobel Mükafatları Komitəsi bu il də öz ənənəsinə sadiq qalaraq  oktyabrın əvvəllərində 2023-cü il üzrə ayrı-ayrı elm sahələrində  mühüm kəşflərə görə Nobel mükafatına layiq görülən görkəmli alimlərin adlarını açıqlayacaq.

Komitənin  rəsmi  www.nobelprize.org saytının məlumatına əsasən, 2023-cü ilin Nobel mükafatı laureatlarının adları  oktyabrın 2-dən 9-a  kimi davam edən “Nobel həftəliyi” günlərində  məlum olacaq.
Laureatların adları  nobelprize.org saytında canlı yayımla elan olunacaq.

İlk olaraq oktyabrın 2-də  İsveçin Karolinsk İnstitutunda fiziologiya və tibb üzrə Nobel mükafatı sahibinin adı açıqlanacaq. İsveç Kral Elmlər Akademiyası tərəfindən fizika üzrə laureatın adı oktyabrın 3-də, kimya üzrə namizədin adı oktyabrın 4-də  məlum olacaq. Oktyabrın 5-də isə İsveç Akademiyası tərəfindən  ədəbiyyat üzrə namizədin adı elan olunacaq. Oktyabrın 6-da  Osloda İsveç Nobel İnstitutu tərəfindən sülh mükafatı üzrə namizədin də adı açıqlanacaq.

Alfred Nobelin xatirəsinə iqtisad elmləri üzrə İsveç Bankının mükafatına (Sveriges Riksbank Prize) layiq görüləcək alimin adı  oktyabrın 9-da Stokholmda İsveç Kral Elmlər Akademiyası tərəfindən elan olunacaq.

Hazırda Nobel mükafatı fondu 1,12  milyon ABŞ dolları (9 milyon İsveç kronu) təşkil edir.

Qeyd edək ki, mükafatın təqdim edilməsi mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında Alfred  Nobelin doğum günündə keçirilir. Fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması sahəsində mükafat isə Osloda Norveç Kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim olunur.

Oruc MUSTAFAYEV

https://muallim.edu.az/news.php?id=26171

PAYLAŞ