Kimya Elmləri Bölməsinin illik hesabatlarına həsr olunmuş iclası keçirilib

135

Elm və Təhsil Nazirliyinin Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda AMEA-nın Kimya Elmləri Bölməsinin (KEB) Ümumi yığıncağının illik hesabatlara həsr olunmuş iclası keçirilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik Dilqəm Tağıyev, bölmənin Ümumi yığıncağının üzvləri, elmi müəssisələrin baş və icraçı direktorları, elmi katibləri, BDU və ADNSU-nun əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, KEB-in sədri, akademik Dilqəm Tağıyev iclasın Kimya Elmləri Bölməsinə daxil olan institutların, eləcədə BDU-nun Kimya və ADNSU-nun Kimya Texnologiya Fakültələrinin 2023-cü ildə aprılmış elmi tədqiqat işlərinin yekunlarına həsr olunduğunu bildirib.

Akademik Yusif Məmmədəliyev adına Neft Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov təmsil etdiyi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, nəşr olunmuş məqalələr, tətbiq olunan işlər, beynəlxalq əlaqələr, keçirilən tədbirlər barədə məlumat verib. Alim bildirib ki, cari ildə elmi müəssisədə 6 problem üzrə aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq 17 mühüm elmi və tətbiqi nəticə əldə edilib. İnstitut tərəfindən “Xəzər” deemulqatorunun müqavilə əsasında istehsalı davam etdirilib. Eyni zamanda əməkdaşlar tərəfindən Bituma adgeziya qatqısı “V-2” və Parkarin-22 A inhibitoru müqavilələr əsasında istehsal edilib. Cari ildə institut əməkdaşları tərəfindən əldə edilən nəticələr 85-i xaricdə (80 məqalə Scopus və Web of Science) olmaqla 152 elmi məqalədə, 400 tezisdə (95-i xaricdə), 15 patentdə öz əksini tapmış, tətbiq üçün 3 iş tövsiyə edilib. Həmçinin cari ildə 8 kitab və 3 monoqrafiya çap olunub. 2023-ci ildə institut əməkdaşlarının nəşrlərinə 1600 istinad edilib. Cari ildə institutda Elmin İnkişafı  Fondunun 1 qrant layihəsi çərçivəsində tədqiqatlar davam etdirilmiş, 3 yeni qrant layihəsi qalib olub. Məruzəçi aparılan elmi-tədqiqat işlərinin nəticələri və əldə edilən nailiyyətlər barədə ətraflı məlumat verib.

Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktoru, AMEA-nın müxbir üzvü Məhəmməd Babanlı təmsil etdiyi qurumun cari ildəki hesabatını təqdim edib. Alim bildirib ki, cari ildə institutda 3 problem üzrə aparılan elmi-tədqiqat işləri  nəticəsində 11 mühüm elmi nəticə əldə edilib. Aparılmış tədqiqatların nəticələri 143 məqalə və 176 (86 xaricdə) tezis şəklində çap olunub. Cari il ərzində 94 məqalə Web of Science və Scopus bazalarına daxil olan impakt faktorlu jurnallarda dərc olunub. Clarivate Analytics bazasında yer alan ən yüksək impakt faktorlu jurnallarda çap olunan məqalələrdən 3-ü Q1, 6-sı Q2, 19-u Q3, 51-i Q4 qrupuna daxildir. 2023-cü ildə institut əməkdaşlarının məqalələrinə 2200-dən yuxarı istinadlar edilib. Həmçinin cari ildə institut əməkdaşları tərəfindən 6 monoqrafiya çap edilmiş (xaricdə 2 monoqrafiya), 4 patent alınmış və patent almaq üçün 7 iddia sənədi Əqli Mülkiyyət Agentliyinə təqdim edilərək ilkin ekspertizanın müsbət rəyi alınıb. Cari ildə institutda 1 Beynəlxalq qrant-Horizon 2020 çərçivəsində tədqiqatlar davam etdirilmiş, 2 layihə isə Azərbaycan Elm Fondunun qrant müsabiqəsinin qalibi olmuşdur. Eyni zamanda cari ildə institutun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsi ilə Azərbaycanda sovet ordusundan qalan və yararsız vəziyyətə düşmüş raket yanacaqlarının oksidləşdirici komponentlərinin zərərsizləşdirilməsinə dair tədqiqat işləri üçün bağladığı təsərrüfat müqaviləsi nəticəsində 300 000 manat büdcədən kənar vəsait institutun maliyyə hesabına daxil olub.

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru, k.e.d. Əfsun Sucayev təmsil etdiyi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticələrini əks etdirən hesabatı təqdim edib. Ə.Sucayev bildirib ki, Aşqarlar Kimyası İnstitutunun əməkdaşları tərəfindən 2023-cü ildə 11 mühüm elmi nəticə əldə olunub. Eyni zamanda cari ildə Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış xüsusi təyinatlı yağ Təcrübə-Sənaye Zavodunda yeni quraşdırılan qurğuda istehsal olunaraq noyabr ayında AR Müdafiə Nazirliyə təqdim olunub. Yağ Nazirliyin sərəncamında olan müvafiq xüsusi təyinatlı texnikada son sınaqlardan keçirilməkdədir. Həmçinin institutda yaradılmış “Depressator-AKİ” aşqarının istehsalı institutun “Aşqar” EİB-də bu il də davam etdirilib. Həmçinin institut alimləri tərəfindən turş qudronun emal məhsulundan istifadə edərək mazut əsasında alınan qalıq yanacaqların özlülük və aşağı temperatur xassələrini yaxşılaşdıran əlavə yaradılıb. İl ərzində 52 elmi məqalə, o cümlədən  onlardan 22-i respublikada, 30-u xaricdə (17 məqalə Web of Science  və Scopus bazalarında, 10 məqalə isə digər beynəlxalq bazalara  daxil olan jurnallarda) çap olunub, 12 patent alınıb. 2023-cü ildə institut əməkdaşlarının məqalələrinə 300-ə yaxın istinadlar edilib.

Polimer Materialları İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Bəxtiyar Məmmədov illik hesabat təqdim edərək təmsil etdiyi elmi müəssisədə cari ildə aparılan elmi-tədqiqat işləri, əldə olunan nəticələr, nəşr olunmuş məqalələr barədə məlumat verib. Alim bildirib ki, Polimer Materialları İnstitutunda cari ildə aparılan elmi-tədqiqat işləri 7 mühüm elmi nəticə ilə yekunlaşıb. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi 59 çap olunmuş məqalədə öz əksini tapmışdır. Məqalələrdən 23-ü respublikada, 36-ı xaricdə çap olunub. Cari ildə 1 iş tətbiq üçün tövsiyə olunub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Texnologiya Fakültəsinin dekanı prof. Sevinc Məmmədxanova bildirib ki, fakültədə 4 mövzu üzrə elmi tədqiqat işləri aparılıb. Fakültəyə daxil olan kafedraların əməkdaşları tərəfindən cari ildə aparılan elmi-tədqiqat işlərinin nəticəsi 2 monoqrafiyada, 30 dərs vəsaitidə, 7 patent və 338 məqalə və tezisdə öz əksini tapıb. Onlardan 132-i pespublikada, 206-ı xaricdə çap olunub ki, onlardan da 82-i Web of Science  və Scopus bazalarında indeksləşən jurnallardadır.

Bakı Dövlət Universitetinin Kimya Fakültəsinin dekanı dosent Fuad Kərimli bildirib ki, fakültədə 4 elmi-tədqiqat və “Sənaye kimyası” laboratoriyaları fəaliyyət göstərir və 12 mövzu üzrə tədqiqatlar aparılıb. F.Kərimli qeyd edib ki, əməkdaşlarımız tərəfindəın cari ildə 7 mühüm nəticə alınıb. Aparılan elmi-tədqiqat işlərinin nəticəsi 324 çap olunmuş məqalə və tezisdə öz əksini tapıb. Onlardan 175-i pespublikada, 149-u xaricdə çap olunub ki, onlardan da 101-i indekslənmiş jurnallardadır.

Aparılan müzakirələrdə akademik Vaqif Fərzəliyev, akademik Abel Məhərrəmov və başqaları iştirak edərək fikir və təkliflərini səsləndiriblər.

Sonda çıxış edən akademik Dilqəm Tağıyev prioritet istiqamətlər üzrə tədqiqat işlərinin davam etdirilməsinin, eyni zamanda respublika iqtisadiyyatına töhfə verə bilən tətbiqi yönümlü elmi-tədqiqat işləri ilə bağlı aparılan araşdırmaların daha da genişləndirilməsinin vacib olduğunu vurğulayıb. Akademik qeyd edib ki,  elm və təhsilin inteqrasiyası istiqamətində işlər genişləndirilməli, birgə elmi-tədqiqat işlərinin aparılmasına, layihələrin həyata keçirilməsinə, kadr hazırlığına  xüsusi önəm verilməlidir.

KEB-nin Ümumi yığıncağı hesabat verən təşkilatların 2023-cü ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatların qəbul olunmasına yekdilliklə səs verib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

PAYLAŞ