Aşqarlar Kimyası İnstitutunun mühüm fundamental nəzəri və tətbiqi nailiyyətləri, elmi nəticələr
İnstitutda son illərdə fundamental və tətbiqi istiqamətdə aparılan elmi tədqiqatlar nəticəsində aşağıdakı mühüm nailiyyətlər əldə edilmişdir:
1. Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları yaradılmışdır.
Zərif üzvi sintez üsulları və kompüter kimyasının müasir imkanlarından istifadə edərək sintez olunan yeni fizioloji fəal maddələrin müştərək beynəlxalq tədqiqat qrupları ilə birlikdə canlı orqanizmlərdə antioksidant aktivliyi, fərqli enzim və onların izoformaları (karbon anhidraz (CA) izoenzimləri, laktoperoksidaz (LPO), polifenoloksidaz (PFO), qlutatyon redüktaz (GPr), 6-fosfoglukonat dehidrogenaz (6-PGD), qlukoz 6-fosfat dehidrogenaz (GPD), asetilxolinesteraz (AChE), butirilkolinesteraz (BChE), qlutatyon-S-transferaz (GST) üzərində inhibitor təsirləri İtaliyanın Florensiya Universiteti və Türkiyənin Atatürk, Bartin, Sinop və Mərmərə universitetlərində tədqiq edilmiş və yüksək təsirə malik olmaları müəyyən edilmişdir. Tədqiq olunan maddələr müasir təbabətin qlobal xəstəlikləri olan: bədxassəli şiş (xərçəng); şəkərli diabet; qlaukoma; Alzheimer (yaddaşitmə, ağıl zəifliyi), retinal kapilyarları genişləndirmək və kapilyar tıxanmanın qarşısının alınması kimi qlobal xəstəliklərə səbəb olan pataloji proseslərə potensil dərman maddəsi təsiri göstərir. Tədqiq olunan birləşmələrin bəziləri standart dərman kimi tətbiq olunan tokoferol və α-troloks preparatlarına nisbətən 10 dəfə yüksək təsirə malikdir.
Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin akademik A.Favorski adına İrkutsk Kimya İstitutunun alimləri ilə əməkdaşlıq çərçivəsində sintez olunmuş yeni maddələrin həm karbohidrogenlərin oksidləşməsinə qarşı antioksidant xassələri, həm də bu maddələr içərisində dərman potensialına malik olan maddələrin müxtəlif enzim və izoenzimlər üzrə inhibitor təsirləri araşdırılmışdır. Nəticədə azot-, fosfor-, selen- və kükürdsaxlayan heterotsiklik birləşmələr göstərilən metobolik fermentlər üçün qüvvətli inhibitor olduqlarını nümayiş etdiriblər. Bu nəticə bir sıra qlobal xəstəliklərin (qlaukoma, Alzheimer, diabet və s.) müalicəsi üçün yeni dərmanların işlənilməsinə imkan yarada bilər.
Belarus Milli Elmlər Akademiyası Bioloji Aktiv Birləşmələrin Biokimyası İnstitutu ilə birgə yerinə yetirilən müştərək beynəlxalq layihə çərçivəsində tərəfimizdən alınan yeni birləşmələrin (tsiklik tiokarbamid və asetofenon törəmələri) partnyor İnstitutun “Molekulyar Genetika” laboratoriyasında heyvanlar üzərində eksperimental modellərdə effektivliyi qiymətləndirilmiş, bioloji fəaliyyət spektrinin kompüter hesablamaları aparılmış, bu birləşmələrin standart dərmanlarla müqayisədə yüksək effektivliyə malik olduğu sübut olunmuşdur.
Beləliklə, Aşqarlar Kimyası İnstitutu canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları yaradılması istiqamətində dünyanın aparıcı elm mərkəzləri — Türkiyənin Orta Doğu Texnik, Hacetepe, İstanbul Texnik, Atatürk, Bartin universitetləri, ABŞ Buffalo Universitetinin Kompüter Araşdırmalar Mərkəzi, İtaliya Milli Tədqiqat Şurasının Biomolekulyar və Biostruktur İnstitutu, Florensiya Universiteti, Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Favorski adına İrkutsk Kimya İnstitutu və Belarus Elmlər Akademiyası Bioaktiv Maddələrin Biokimyası İnstitutunun tanınmış alimləri ilə birgə 4 beynəlxalq tədqiqat qrupu yaradaraq həyata keçirilən müştərək multidissiplinar tədqiqatlar nəticəsində yeni üzvi maddələrin canlı orqanizmdə antioksidant, hüceyrə və toxuma səviyyəsində patoloji hallara səbəb olan proseslərə qarşı inhibitor təsirlərini öyrənə bilmişdir. Təkcə Türkiyənin Atatürk və Bartin universitetləri ilə son 5–6 ildə “Bəzi qlobal xəstəliklərlə əlaqəli metabolik fermentləri inhibə edən yeni nəsil inhibitorların müqayisəli tədqiqi” mövzusunda ətraflı tədqiqatlar aparılmışdır. Apardığı müştərək elmi araşdırmaların nəticələrinə görə, Aşqarlar Kimyası İnstitutunda sintez olunan 300 yeni fizioloji fəal maddələrin canlı orqanizmlərdə antioksidant aktivliyi, fərqli enzim və onların izoformaları üzərində inhibitor təsirləri İtaliyanın Florensiya Universiteti və Türkiyənin Atatürk və Bartin Universitetində tədqiq edilmiş və yüksək təsirə malik olmaları müəyyən edilmişdir. Tədqiq olunan maddələr müasir təbabətin ən aktual xəstəlikləri olan: bədxassəli şiş (xərçəng); şəkərli diabet; qlaukoma; Alzheimer (yaddaşitmə, ağıl zəifliyi) qlobal xəstəliklərə səbəb olan pataloji proseslərə potensial dərman maddəsi təsiri göstərirlər. Tədqiq olunan birləşmələrin bəziləri standart dərman kimi tətbiq olunan tokoferol və α-troloks preparatlarına nisbətən 10 dəfə yüksək təsirə malikdir. Hazırda bu tədqiqat qrupları ilə dünya elmində ən son yeniliklərdən biri sayılan ayrı-ayrı enzim-izoenzimlər üzrə “molekulyar dokinq” tədqiqatlara başlanılmış və ölkəmizdə bioüzvi kimya sahəsində yeni bir tədqiqat istiqaməti müəyyənləşdirilmişdir.
Son 5 ildə yerinə yetirilən tədqiqatlar nəticəsində əldə edilən mühüm elmi nəticələr “Web of Science”, “Scopus” bazalarında arxivləşən “Springer”, “Elsevier”, “Taylor & Francis” və “Wiley” nəşriyatlarının impakt faktoru yüksək olan nüfuzlu jurnallarında (Arabian Journal of Chemistry-İF-6.212, Bioorganic Chemistry-İF-5.275, Journal of enzyme inhibition and medicinal chemistry-İF-5.051, Archiv der pharmazie-İF-4.613, Applied Organometallic Chemistry-İF-4.105, Polycyclic Aromatic Compounds-İF- 3.744, Journal of Biochemical and Molecular Toxicology-İF-3.642, Journal of biomolecular structure and dynamics-İF-4.4, Journal Molecular Stucture-İF-3.196, Polyhedron-İF-3.052, Chemistry & Biodiversity-İF-2.408, Macromolecular Research -İF-2.4, ChemistrySelect-İF-2.307, Journal of molecular modeling-İF-2.172, Iranian Journal of Chemistry and Chemical Engineering-İF-1.903, Russian Journal of Applied Chemistry-İF-0.869, Organic Communications-İF-0.683, Acta Crystallographica Section E: Crystallographic Communications-İF-0.646) jurnallarında məqalə şəklində dərc edilib.
Bu dünya səviyyəli materiallar toplanılaraq “Fizioloji fəal maddələrin alınması və tədqiqi” adı ilə 350 səhifəlik toplu şəklində çap olunmuşdur.
Məhz bu nəticələrə görə institutun bir qrup əməkdaşının adı elmi əsərlərinə ən çox istinad olunan alimlər kimi dünya alimlərinin sırasına daxil edilmişdir.
Nüfuzlu jurnallarda məqalə çapına və onlara olan istinad sayına görə elmi tədqiqat institutlarının reytinq siyahısında respublikamısın mövcud elmi tədqiqat institutları arasında Aşqarlar Kimyası İnstitutu ilk beşlikdə yer alıb.
2. Bəzi birmərhələli çoxkomponentli reaksiyaların nəzəri-təcrübi mexanizminin kompüter kimyəvi tədqiqinin nəzəri əsasları yaradılmışdır.
ABŞ Buffalo Universitetinin Kompüter Araşdırmalar Mərkəzi və Bakı Mühəndislik Universitetinin aparıcı mütəxəssisləri ilə birgə aparılan beynəlxalq müştərək tədqiqatlar nəticəsində İnstitutda müasir kompüter proqram təminatlarının imkanlarından istifadə edərək kvant kimyəvi hesablamaları ilə bəzi birmərhələli üçkomponentli reaksiyaların mexanizmi tədqiq olunmuş, nəzəri hesablamalarla bu reaksiyalar nəticəsində məqsədyönlü maddələrin alınmasının optimal şəraiti tapılmış və təcrübi olaraq təsdiq edilmişdir.
Beynəlxalq əməkdaşlıq çərçivəsində Portuqaliyanın Lisabon Universitetinin əməkdaşları ilə fərqli əvəzolunmuş və halqa böyüklüyünə sahib pirazol əsaslı birləşmələrin yeni metal kompleksləri sintez edilmiş, müasir fiziki-kimyəvi analiz üsulları ilə struktur təhlilləri aparılmış, beynəlxalq axtarış proqramları ilə dünya ədəbiyyatlarında indiyə qədər məlum olmadıqları təsdiqlənmişdir. Yeni tetranüvəli Co(II/III) (IX) və mononüvəli Ni(II) (X) və Cu(II) (XI və XII) komplekslərini sintez etmək üçün 1H-pirazol fraqmenti olan 1,3,5-triazopentadienil xelatlaşdırıcı liqanddan uğurla istifadə edilmişdir. Metal ionunun həm 1,3,5-triazopentadienillərin imin azot atomları ilə əlaqələndirildiyi əksər hallardan fərqli olaraq, kobalt və mis ionları bir 1H-pirazol azot atomu və 1,3,5-triazopentadienil halqasının mərkəzi azot atomu ilə əlaqələndirilir. Alınan komplekslərin koordinasiya mühiti və supramolekulyar kimyası metal atomlarının təbiətindən və reaksiya şəraitindən asılıdır.
Pirazol əsaslı komplekslərin stirolun benzaldehidə peroksid oksidləşməsində katalitik fəallığı öyrənilən zaman məlum olmuşdur ki, optimal şəraitdə dörd yeni kompleksin katalitik təsirindən məqsədyönlü məhsul kimi benzaldehidin yüksək çıxımı 80 %-ə qədər artır.
3. Bakı–Ceyhan neft kəmərində müvəffəqiyyətlə tətbiq olunan “Depressator-AKİ” aşqaiı yaradılmışdır.
Yüksək parafinli neftlərin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla onların boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən aşqar – “Depressator-AKİ” yaradılmış və istehsalı Institutun nəzdində fəaliyyət göstərən “Aşqar” Elmi İstehsalat Birliyində təşkil edilmişdir. “Depressator-AKİ” aşqarı hazırda Bakı–Ceyhan neft kəmərində müvəffəqiyyətlə istifadə edilir. Bu aşqar strateji əhəmiyyət daşıdığına görə ona “Məxfi” qriflə Azərbaycan patenti verilmişdir.
4. Xüsusi təyinatlı sürtkü yağları yaradılmış və istehsalı təşkil edilmişdir.
İnstitutda ölkəmizin müdafiə qüdrətinin yüksəldilməsi və strateji materiallar üzrə xarici ölkələrdən asılılığın azaldılması məqsədilə hərbi texnika üçün yüksək keyfiyyətli, rəqabətə davamlı xüsusi təyinatlı sürtkü yağlarının yaradılmış və bu yağların sənayedə istehsalı təşkili edilmişdir. Belə ki, SSRİ dövründə Aşqarlar Kimyası İnstitutu tərəfindən bir sıra xüsusi təyinatlı sürtkü yağları yaradılmış və istehsalı təşkil olunmuşdur. Bu yağlardan biri də Ukraynanın Xarkov şəhərində yerləşən “Завод им. В.О.Малышева”da istehsal olunan T-80 markalı tankda istifadə edilən xüsusi təyinatlı dizel mühərriki üçün yaradılmış М-16ИХП-3 motor yağıdır. ИХП – Aşqarlar Kimyası İnstitutunun rusca adıdır (Институт химии присадок).
М-16ИХП-3 motor yağının istismar xassələri “Завод им. В.О.Малышева” tərəfindən yaradılmış yeni nəsil yüksək gücləndirilmiş dizel mühərrikinin tələblərinə tam cavab vermədiyi üçün yeni xüsusi təyinatlı motor yağının yaradılması tələb olunurdu. Bununla əlaqədar 2019-2021-ci illərdə “Завод им. В.О. Малышева” ilə əməkdaşlıq çərçivəsində Aşqarlar Kimyası İnstitutu tərəfindən yüksək istismar xassələrinə malik yeni xüsusi təyinatlı М-16ИХП-3y markalı motor yağı yaradılmış (“у”- rusca улучщенное, yəni “yaxşılaşdırılmış” deməkdir) və yaradılmış motor yağı “Завод им. В.О.Малышева”da müasir mühərriklərdə sınaqlardan uğurla keçmişdir.
Qeyd olunan sınaqların müsbət nəticələrinə əsasən, yaradılmış М-16ИХП-3y markalı motor yağı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamında olan T-55 və T-72 markalı tanklarn mühərriklərində praktiki sınaqlardan uğurla keçmiş və sınaq komissiyası bu yağın tank mühərriklərində istifadəsini məqsədəuyğun hesab etmişdir.
Ukrayna istehsalı olan T-80 markalı tankların vaxtilə bir sıra xarici ölkələrə ixracı və hazırda həmin ölkələrin müdafiəsində istifadə olunması ilə əlaqədar, tərəfimizdən yaradılmış xüsusi təyinatlı М-16ИХП-3у markalı motor yağı Ukrayna ilə yanaşı Pakistan, Banqladeş, Tayland və Mərakeşə ixrac olunacaq.
Aşqarlar Kimyası İnstitutu tərəfindən yaradılmış digər xüsusi təyinatlı motor yağı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamında olan Rusiyanın T-90 markalı tanklarında istifadə olunan turboüfürmə ilə yüksək gücləndirilmiş dizel mühərriki üçün M-53/16Д2 motor yağıdır.
Yaradılmış xüsusi təyinatlı M-53/16Д2 markalı motor yağı Azərbaycan Respublikası Müdafiə Nazirliyində T-90 markalı tankın mühərrikində praktiki sınaqdan uğurla keçmiş və sınaq komissiyası bu yağın T-90 markalı tankın mühərrikində istifadəsini məqsədəuyğun hesab etmişdir.
Yaradılmış xüsusi təyinatlı М-16ИХП-3y və M-53/16Д2 markalı motor yağlarının istehsalı Təcrübə-Sənaye Zavodu MMC-də təşkil edilmiş, istehsalı və istehlakını təmin edən bütün normativ-texniki sənədlər işlənilmişdir.
Yaradılmış М-16ИХП-3y və M-53/16Д2 markalı motor yağlarının istismar xassələrinə görə üstünlüklərə malik yeni analoqları yaradılmışdır.
Yaradılmış xüsusi təyinatlı motor yağlarının 3-ü “Məxfi” qriflə Azərbaycan patenti ilə müdafiə olunmuşdur, 1 ixtira isə Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Əmtəə Nişanları və Patent üzrə Ekspertiza Mərkəzinidə baxılmaq üzrədir.
Beləliklə, yerinə yetirilən kompleks elmi-texniki iş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamında olan bütün markalı tankların dizel mühərriklərində istifadə olunan sürtkü yağlarına olan tələbatın ödənilməsini, ölkəmizin strateji material olan xüsusi təyinatlı sürtkü yağları sahəsində xarici ölkələrdən asılılığının azaldılmasını və yaradılmış yağların bəzi xarici ölkələrə ixracını nəzərdə tutur.
5. Ekoloji gərginlik yaradan işlənmiş yağların regenerasiya texnologiyası yaradılmışdır.
Respublikada müxtəlif növ texnikada, o cümlədən daxili yanma mühərriklərində istifadə olunmuş və ekoloji gərginlik yaradan işlənmiş yağların regenerasiya texnologiyası işlənilmiş və AMEA Təcrübi Sənaye Zavodunda yoxlanılmışdır.
Regenerasiya olunmuş yağ və müvafiq aşqarlar əsasında dizel mühərrikləri üçün müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı sürtkü kompozisiyaları yaradılmışdır.
İşlənmiş yağların regenerasiya texnologiyası və regenerasiya olunmuş yağ əsasında yaradılmış xüsusi təyinatlı sürtkü kompozisiyası strateji əhəmiyyət kəsb etdiyinə görə “Məxfi” qriflə Azərbaycan patentləri ilə müdafiə olunmuşdur.
6. Turş qudronun emal məhsulundan istifadə edərək mazut əsasında alınan qalıq yanacaqların xassələrini yaxşılaşdıran əlavə yaradılmışdır.
Bakı Neft Emalı Zavodlarının uzun illər ərzində fəaliyyəti nəticəsində əmələ gəlmiş turş qudron min tonlarla Abşeronun Balaxanı qəsəbəsi ərazisinə tullanaraq həddindən artıq ekoloji gərginlik yaratmışdır. Turş qudronun emalı posesini həyata keçirərək və emal məhsulunu istifadə edərək həm mühüm texniki, həm də mühüm ekoloji problem həll olunur.
Yuxarıda qeyd olunanlardan başqa, keçmiş İttifaqda sürtkü yağlarını sertifikasiya edən üç mərkəzdən birinin Azərbaycan Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutu olduğunu nəzərə alaraq, Dövlət Standartlaşdırma və Metrologiya Mərkəzi tərəfindən AKI-nin nəzdində aşqarlar, sürtkü yağları və xüsusi mayelər üzrə Sertifikasiya Mərkəzi yaradıldı.
Həmin Sertifikasiya Mərkəzi Avropa Standartlar Birliyinə daxil olan Türkiyə Standartlar İnstitutu tərəfindən akreditə olunub və bununla əlaqədar Aşqarlar Kimyası İnstitutunun Sertifikasiya Mərkəzinin verdiyi sertifikat bütün Avropa ölkələrində təsirli idi.
Aşqarlar Kimyası İnstitutunda elmi nəşr fəaliyyəti
Son 5 ildə institut əməkdaşları tərəfindən 240 məqalə, o cümlədən 135-i xaricdə (130-u impakt-faktorlu jurnallarda: 110 xarici, 20 ölkədaxili; yalnız Clarivate Analytics (əvvəllər Tomson Reuters) (Q1 – Q4) və Scopus bazasına düşən məqalələr – 60) çap olunmuşdur ki, bunlara edilən istinadların sayı 2 000-ə yaxın təşkil edir.
Qeyd olunan müddətdə institutun əməkdaşları 98 elmi konfransda – 57-i respublikada, 41-i xaricdə iştirak etmişdirlər. Məruzə və tezislərin ümumi sayı 468-dir ki, bunlardan 343-ü respublikada, 125-i xaricdə dərc olunub.
Son 5 ildə institut əməkdaşlarının 1-i xaricdə olmaqla 4 kitabı çap olunub.
2019-2023-ci illərdə institutda aparılan elmi tədqiqatların nəticələri üzrə 67 patent alınmışdır.