AMEA Aşqarlar Kimyası İnstitutuna ağır itki üz verib

707

Azərbaycan Milli Elmlər Akademiyasının akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Motor Sınaq Stansiyasının rəisi, əməkdar mühəndis Bəylər Abdullayev ömrünün 84-cü ilində vəfat edib.

55 illik tarixə malik bu elmi tədqiqat müəssisəsinin formalaşmasında rolu olan Bəylər İbrahim oğlu Abdullayev 1936-cı ildə Tovuz rayonunda anadan olmuşdur. 1961-ci ildə Azərbaycan Neft və Kimya  İnstitutunun “Mühəndis mexanikası” ixtisasını bitirmişdir.

1959-1964-cü illərdə  Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda çilingər, Baş mexanik şöbəsində qrup rəisi, 1964-1967-ci illərdə Azərbaycan Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda  (AEA AKİ)   əyani aspirant, 1967-ci ildən bu günə kimi AEA AKİ-də (hazırki Azərbaycan Milli Elmlər Akademiyasının akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutu) mühəndis, böyük mühəndis, sektor rəisi və Motor Sınaq Stansiyasının rəisi vəzifələrində çalışmışdır.

B.Abdullayev İnstitutda işlənib hazırlanmış aşqarlar, motor yağları, yağlayıcı-soyuducu mayelər və yanacaqların fiziki-kimyəvi və istismar xassələrinin tədqiqi, eləcə də istismar sınaqlarının aparılması işlərinə uğurla rəhbərlik etmişdir.

O, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilmişdir.

Xeyirxah, mehriban və alicənab insan Bəylər Abdullayevin parlaq xatirəsi onu tanıyanların və həyat fəaliyyətinin böyük dövrünün bağlı olduğu Aşqarlar Kimyası İnstitutunun hər bir əməkdaşının qəlbində daima yaşayacaq.

Allah rəhmət eləsin!

AMEA Aşqarlar Kimyası İnstitutunun kollektivi

 

PAYLAŞ