Aşqarlar Kimyası İnstitutunda “2 Fevral – Gənclər Günü” ilə bağlı tədbir keçirildi

334

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “2 Fevral – Gənclər Günü” ilə əlaqədar tədbir keçirilib.

İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirdi ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Onun təşəbbüsü ilə 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib.

Vaqif müəllim qeyd etdi ki, Azərbaycan dövləti gənclərimizin qayğısına qalır və onların inkişafı üçün hər bir sahədə köməklik göstərir. Bunlardan biri də “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” bütün təbəqədən olan gənclərin xaricdə təhsilinə geniş imkanlar yaradıb. Bu proqram çərçivəsində

minlərlə gənc dünyanın ən nüfuzlu təhsil ocaqlarında oxuyur. Bundan əlavə institutun yaşlı nümayəndələri də gənc nəslin problemlərinin həlli üçün bütün köməkliklərini əsirgəmirlər.

İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günya İsmayılova “2 Fevral Gənclər günü”nə həsr olunan maraqlı təqdimatla çıxış etdi.

Tədbirdə çıxış edən İnstitutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev ilk əvvəl özünün  Gənc Alim və Mütəxəssislər Şurasının sədri olduğu dövrdən danışdı və vurğuladı ki, müasir dövrdə elmin və texnologiyanın sürətli inkişafı ilə bağlı olaraq, indiki gənclər daha fəaldılar.

Ə.Sucayev bildirdi ki, 44 günlük Vətən Müharibəsində gənclərimiz ön sırada oldular, mətinlik və cəsarət nümayiş etdirdilər. O bütün gəncləri bu gün münasibətilə təbrik etdi və onları daha da fəal olmağa çağırdı.

Daha sonra institutun qocaman alimlərindən olan Nüsrət Əliyev öz ürək sözlərini dedi və gənclərə öz dəyərli məsləhətlərini verdi.

Axırda yenə də Vaqif müəllim çıxış edərək, bildirdi: “Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq”.

O, Aşqarlar Kimyası İnstitutunda gənc alim və mütəxəssislər arasında ən fəal üzvləri Günay İsmayılova, Həcər Behbudova və Leyla İsrafilovanı bu günlə əlaqədar olaraq Sertifikatla təltif etdi.

PAYLAŞ