AMEA Aşqarlar Kimyası İnstitutunun gənc alimlərinin bu il fəaliyyəti uğurlu olub

1629

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının 2019-cu il üzrə yekun hesabatını təqdim edən  Şura sədri, dosent Əfsun Sucayev bildirib ki, rəhbərlik etdiyi qurum 2019-cu il üçün qəbul olunmuş plana uyğun fəaliyyətini davam etdirib. Onun sözlərinə görə, hesabat dövründə Şuranın təşkilatçılığı ilə növbəti dəfə “Gənclər üçün Akademik Əli Quliyev mükafat”ı və “Ən yaxşı elmi məruzə” müsabiqəsi uğurla keçirilib: “Bu dəfə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illik yubileyinə həsr olunan gənc alimlərin, doktorant və disertantların elmə həvəsləndirilməsi məqsədi daşıyan bu müsabiqənin nəticəsində I, II və III yerlər üzrə qaliblər seçilmiş, diplom və pul mükafatları ilə təltif edilmişdirlər. Eyni zamanda İnstitutun 1 gənc əməkdaşı “Akademik Əli Quliyev adına mükafat”a layiq görülüb”.

Şura sədri bildirib ki, cari ildə AKİ-də “Açıq qapı” günləri təşkil olunub: “Kaspi Təhsil Mərkəzinin müəllim və şagirdlərindən ibarət 20 nəfər nümayəndə instituta gələrək, bu müəssisənin laboratoriyalarında quraşdırılan müasir cihaz və avadanlıqlarla yaxından tanış olublar. Məktəblilər üçün əyləncəli təcrübələr nümayiş etdirilib. Eyni zamanda Azərbaycan Britaniya Kollecinin bir qrup şagirdi AKİ-də ekskursiyada olublar. Qonaqlara institutun yaranma tarixi, fəaliyyət istiqamətləri, magistr və yüksəkixtisas kadr hazırlığı, əldə olunan mühüm elmi və praktik yeniliklər haqqında məlumat verilib. Sonra məktəblilər İnstitutun “Korroziya inhibitorları”, “Fiziki-kimyəvi analiz” və “Zərif üzvi sintez” laboratoriyalarını gəzərək, orada istifadə olunan müasir cihaz və avadanlıqlarla, onların iş mexanizmi ilə yaxından tanış olublar, məktəblilər üçün əylənçəli təcrübələr nümayiş etdirilib”.

Ə.Sucayev qeyd edib ki, 2019-cu ildə AMEA Gənc Alim və Mütəxəssislər Şurası AKİ-nin gənc alimləri ilə birlikdə ilk dəfə Bakının Nizami rayonundakı 251 nömrəli tam orta məktəbdə “Elm günü”nə həsr olunan “Kimya fənn gecəsi” təşkil edib: “Tədbir çərçivəsində şagirdlərin elementar kimya biliklərini qiymətləndirmək üçün onların arasında “Kimyanı məntiqlə düşün” adlı müsabiqə keçirilib. İnstitutun gənc magistrləri şagirdlərin iştirakı ilə bir neçə maraqlı kimyəvi əyləncəli-öyrədici təcrübə nümayiş etdiriblər. Tədbirin sonunda müsabiqədə qalib olan və elmi müzakirələrdə fəallığı ilə seçilən məktəblilərə diplom və təşəkkürnamələr təqdim olunub”.

Şura sədri bildirib ki, İnstitut gəncləri üçün marifləndirmə seminarları təşkil olunmuş, eyni zamanda onların beynəlxalq və yerli konfranslarda iştirakı təmin olunmuşdu.

Məruzə dinlənildikdən sonra, səsləndirilən bu və digər məslələr ətrafinda fikir mübadiləsi aparılıb.

İclasda çıxış edən İnstitutn direktoru akademik Vaqif Fərzəliyev Şuranın nümunəvi fəaliyyət göstərdiyini rəhbərlik etdiyi elmi müəssisənin elmi-ictimai fəaliyyətində böyük rol oynadığını vurğulad, ümumilikdə hesabat məruzəsini məqbul hesab etdi. Sonda hesabat Elmi Şura üzvlərinin yekdil səsverməsi ilə qəbul olundu.

PAYLAŞ