ABŞ Milli Təhlükəsizlik Agentliyi kibertəhlükəsizlik üzrə yeni bölmə yaradacaq

1653

ABŞ Milli Təhlükəsizlik Agentliyi ölkənin kənar kibertəhdidlərdən qorunması ilə məşğul olacaq kibertəhlükəsizlik üzrə yeni bölmə yaradacaq. “Kibertəhlükəsizlik üzrə direktorat” (Cybersecurity Directorate) adlanacaq yeni bölmə 1 oktyabr 2019-cu il tarixindən etibarən fəaliyyətə başlayacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, bölmənin direktoru bilavasitə Milli Təhlükəsizlik Agentliyinin rəhbəri general Pol Nakasoneyə hesabat verəcək Enn Noyberger təyin olunacaq.

Milli Təhlükəsizlik Agentliyi ABŞ-ın hücum kiberarsenalının hazırlanması və təkmilləşdirilməsi ilə məşhurdur. Yeni “Kibertəhlükəsizlik üzrə direktorat”ın rolu isə ABŞ təşkilatlarının təhlükəsizlik sistemlərinin yaxşılaşdırılmasından və onlara qarşı hücumların aşkarlanmasından ibarət olacaq.

“Kibertəhlükəsizlik üzrə yeni yanaşma Milli Təhlükəsizlik Agentliyinin ABŞ hökumətində Kibernetik Komandanlıq, Daxili Təhlükəsizlik Nazirliyi və Federal Təhqiqatlar Bürosu kimi əsas tərəfdaşlarla əməkdaşlıqda mövqeyini möhkəmləndirəcək”, – agentliyin bəyanatında vurğulanır.

Qeyd olunan idarələrlə əməkdaşlıq edəcək “Kibertəhlükəsizlik üzrə direktorat” onlarla kəşfiyyat məlumatları və boşluqların qiymətləndirilməsi mübadiləsini edəcək.

 

Nizam Nuriyev

PAYLAŞ