Akademikə “Gənc kimyaçıların dostu” diplomu təqdim olundu

1680

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası Aşqarlar Kimyası İnstitutunda AMEA Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Gənc kimyaçıların dostu” diplomunun təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Şuranın sədri, dosent Famin Salmanov bildirdi ki, bu günkü tədbirimizin Akademiya gəncliyi üçün ayrıca bir özəlliyi, əhəmiyyəti vardır: “Bildiyiniz kimi, Akademiyada gənclərin elmə cəlb olunması, onların timsalında Azərbaycan elminin dünya elminə inteqrasiyasında müxtəlif həvəsləndirmə tədbirləri həyata keçirilir. Bu işlər AMEA-da artıq bir hərəkat halını alıb. Sevindirici hal ondan ibarətdir ki, bu prosesə ayrı-ayrı institut rəhbərləri, hörmətli akademiklərimiz daha çox diqqət yönəldir. Belə İnstitutlardan biri məhz Aşqarlar Kimyası İnstitutu və onun direktoru, hörmətli akademik Vaqif Fərzəliyevdir”.

Onun sözlərinə görə, Vaqif müəllim təkcə İnstitut rəhbəri kimi deyil, eyni zamanda Akademiyanın Kimya Elmləri Bölməsinin akademik-katibi kimi gənc alim və mütəxəssisləri həmişə diqqətdə saxlamış, onların təkcə elmi fəaliyyətləri ilə bağlı deyil, həm də sosial vəziyyəti, əmək haqqları ilə bağlı narahatlıq doğuran məsələləri gündəmə gətirmiş, belə problemlərin həllinə çalışmışdır.

F.Salmanov qeyd etdi ki, akademik V.Fərzəliyevin Aşqarlar Kimyası İnstitutunda gənclər siyasətinin həyata keçirilməsində rolu böyükdür: “AMEA Gənc Alim və Mütəxəssislər Şurası yarandığı vaxtdan indiyə qədər ötən 6 ildə Aşqarlar Kimyası İnstitutunda gənclərin elmə həvəslənməsi üçün çoxlu sayda tədbirlərin şahidi olmuşuq”, -deyə fikirlərini əlavə etdi.

O bildirdi ki,Vaqif müəllimin gənclərə olan diqqət və qayğısı təkcə Aşqarlar Kimyası İnstitutu ilə məhdudlaşmır: “Akademiyanın digər kimya institutlarında da Vaqif müəllimi tanımayan gənc alim yoxdur. Kimdən nəsə soruşanda Vaqif müəllim haqqında kifayət qədər xoş sözlər eşidirik”.

F.Salmanov dedi ki, AMEA Gənc Alim və Mütəxəssislər Şurası gənclərin elmə cəlb olunmasında böyük əmək sərf edən şəxsiyyətləri diqqətdən kənarda saxlamır və onlar həmişə nümunə çəkilir: “Belə dəyərli şəxsiyyətləri gənc alimlərimizin dostu elan edirik. Bu il kimya institutlarında olan gənc alim və mütəxəssislər arasında aparılan sorğu əsasında hörmətli Vaqif müəllim “Gənc kimyaçıların dostu” diplomuna layiq görülüb”.

F.Salmanov 80 yaşı taman olan, Prezident İlham Əliyev tərəfindən “Şərəf” ordeni ilə təltif olunan görkəmli alim, akademik Vaqif Fərzliyevi həm də “Kimyaçı gənclərin dostu” diplomuna layiq görülməsi münasibəti ilə AMEA gəncləri adından təbrik edərək, ona can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzuladı.

Sonra AMEA Polimer Materialları İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, dosent Sevil Maşayeva, AKİ Gənc Alim və Mütəxəssislər Şurasının sədri, k.e.d., dosent Əfsun Sucayev, həmçinin ilk elmlər doktorantı, professor Fikrət Quliyev akademik Vaqif Fərzəliyevin gənc alim və mütəxəssislərə olan diqqət və qayğısından danışıb, fikirlərini bölüşdülər.

Sonra yubilyara diplom və gül dəstəsi təqdim olundu.

Tədbir təşkilatçılarına kimyaçıların dostu adına layiq görülməsinə görə AMEA Gənc Alim və Mütəxəssislər Şurasına təşəkkürünü bildirən akademik Vaqif Fərzəliyev bundan sonra da bütün gənc mütəxəssislərə öz qayğısını, onların inkişafı üçün hər bir tədbirlər görüləcəyini bildirdi və gənc alimlərə öz məsləhətlərini verdi.

 

PAYLAŞ