AMEA Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru Bartın Universitetində elmi ezamiyətdə olub

387

Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru k.e.d., dosent Əfsun Sucayev 04-09 mart 2022-ci il tarixlərində Bartın Universitetdə elmi ezamiyyətdə olub. O, Fən fakültəsinin dekanı Dr., prof. Bülent Karakaş ilə görüşüb və onlar Bartın Universiteti ilə gələcək planda nəzərdə tutulan perspektiv işləri müzakirə ediblər.

Ə.Sucayev Fən fakültəsinin Biotexnologiya, Bioüzvi kimya, Molekulyar biologiya və genetika bölümünə aid olan elmi-tədqiqat laboratoriyaları ilə tanış olub, orada tətbiq olunan yeni sintez və analiz üsulları, elmi tədqiqatlar haqqında geniş məlumat alıb.

Səfər zamanı Bartın Universiteti ilə Aşqarlar Kimyası İnstitutu arasında Əməkdaşlıq Memorandumu və Erasmus proqramı ilə bağlı qurumlararası müqavilə imzalanıb.

Ə.Sucayev Fən fakültəsinin təşkil etdiyi “Elm söhbətləri”ndə “Fizioloji fəal üzvi birləşmələrin sintezində və tədqiqində yeni yanaşmalar” mövzusunda da təqdimatla çıxış edib.

Məlumat üçün bildirək ki, elmi ezamiyyət AR Prezidenti yanında Elmin İnkişaf Fondunun “Patoloji hallara qarşı daha təsirli bioloji aktiv maddələrin sintezi, kimyəvi modifikasiyası, molekulyar dokinqi, bioloji fəallığının kompüter tədqiqi və tətbiq sahələrinin müəyyənləşdirilməsi” qrant layihəsi çərçivəsində həyata keçirilib.

                                               

PAYLAŞ