AMEA Aşqarlar Kimyası İnstitutu çox dəyərli alimini itirdi

990

Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş elmi işçisi, kimya elmləri doktoru, kollektivin sevimlisi Səbirə Əbdüləli qızı Sərdarova vəfat etmişdir.

Səbirə Sərdarova 1940-cı il yanvarın 1-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta təhsilini Bakı şəhər 134 və 6 saylı məktəblərdə aldıqdan sonra, 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırki BDU) kimya fakültəsinə qəbul olmuşdur. 1962-ci ildə Azərbaycan Dövlət Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra “Üzvi kimya” kafedrası üzrə aspiranturaya daxil olmuşdur. 1965-ci ildə aspiranturanı bitirdikdən sonra elmi rəhbəri akademik Ə.M.Quliyevin dəvəti ilə Aşqarlar Kimyası İnstitutuna mühəndis vəzifəsinə işə qəbul olunmuşdur.

1967-ci ildə “Tiotetralollar (sintezi, xassələri və tədqiqi)” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş və elmlər namizədi elmi dərəcəsini almışdır.

1994-cü ildə “Aminometilləşdirilmiş hidroksiasetofenonlar (sintezi, xassələri, tədqiqi)” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini almışdır.

Sabirə Sərdarova 1967-2010-ci illər ərzində AMEA Aşqarlar Kimyası İnstitutunda kiçik, böyük və aparıcı elmi işçi vəzifələrində, 2010-cu ildən bu günə kimi isə baş elmi işçi vəzifəsində çalışmışdır.

Səbirə xanım üzvi kimya sahəsində yüksək ixtisaslaşmış mütəxəssis idi. Onun elmi fəaliyyəti bilavasitə AMEA-da akademik Ə.M.Quliyevin rəhbərlik etdiyi “Sürtkü yağları və aşqarlar” laboratoriyası və 1965-ci ildə onun əsasında təşkil edilmiş AMEA Aşqarlar Kimyası İnstitutu ilə bağlı olmuşdur.

S.Sərdarovanın elmi fəaliyyətinin əsas istiqamətini sürtkü yağları, polimerlər və yağlayıcı-soyuducu mayelərə yüksək təsirli aşqarların, stabilləşdiricilərin və biosidlərin işlənilməsi təşkil edirdi. O, yeni maddələrin sintezi, onların tərkib və quruluşlarının funksional effektivliyə təsirinin öyrənilməsi sahəsində sistematik tədqiqatlar aparırdı. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə yaradılmış stabilizatorlar və biosidlərin sənayedə və tibbdə tətbiqi  tövsiyə edilmişdir.

S.Sərdarova 200-ə yaxın elmi əsərin, o cümlədən 23 müəlliflik şəhadətnaməsi və patentin müəllifi idi. Onun əsərlərinin təxminən 30-u xaricdə çap olunmuşdur. Beynəlxalq və respublika konfranslarında dəfələrlə məruzələrlə çıxış etmişdir.

O, respublikada yüksək ixtisaslı kadr hazırlığına da töhvə vermişdir. Onun rəhbərliyi ilə fəlsəfə doktorluğu və magistr hazırlığı üzrə kadrlar yetişdirilmiş, bir sıra elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarına onun tərəfindən rəy verilmiş və opponentlik edilmişdir.

S.Sərdarovanın əməyi qiymətləndirilmişdir. O, AMEA Rəyasət Heyəti və Kimya Elmləri Bölməsinin Fəxri fərmanları ilə təltif edilmişdir.

Səbirə xanım respublikamızda “Aşqarlar kimyası məktəbi”nin formalaşmasında xidmətləri olan alimlərdən olduğu üçün onun vəfatı AMEA Aşqarlar Kimyası İnstitutu üçün böyük itkidir və onun yeri həmişə hiss olunacaq.

İnstitutun kollektivi adından Səbirə xanımın vəfatı münasibəti ilə başsağlığı verir, ailə üzvlərinə və yaxınlarına səbr diləyirik. Onun əziz xatirəsi qəlbimizdə daim yaşayacaq.

Allah rəhmət eləsin!!!

Vaqif Fərzəliyev 
AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru, akademik

 

 

PAYLAŞ