AMEA Aşqarlar Kimyası İnstitutu dünyanın nüfuzlu elmi nəşriyyatları ilə əməkdaşlığı genişləndirib

809

Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının məqalələri və onlara olan istinadlar Wiley” nəşriyatına daxil olan “Journal of Biochemical and Molecular Toxicology” və “Chemistry Select” jurnalnın 2021-ci il üzrə impakt faktorunun artmasında mühüm rol oynayıb. Bununla əlaqədar “Wiley” nəşriyyatının Redaktorlar Birliyi tərəfindən İnstitutun Baş direktoru akademik Vaqif Fərzəliyevə rəsmi təşəkkür məktubu göndərilmişdir. Məktubda bildirilir: “Əməkdaşlarınızın töhfələri “Journal of Biochemical and Molecular Toxicology”nin impakt faktorunun 2021-ci il üzrə 3.642-ə, “Chemistry Select” jurnalının impakt faktorunun 2.109-a yüksəlməsinə köməklik edib. Bu işə uğurlu  töhfə verdiyiniz üçün təşəkkür edirik”.

Məlumat üçün bildirək ki, AMEA Aşqarlar Kimyası İnstitutunun alimlərinin dünya elminə inteqrasiyasını sürətləndirmək üçün institutda müəyyən tədbirlər həyata keçirilir. Belə ki, əməkdaşlar tərəfindən elmi əsərlərin beynəlxalq standartlara uyğun hazırlanması üçün elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə qaydası, həmçinin məqalələrin dünyanın aparıcı elmi bazalarında (“Web of Science”, “Scopus”) arxivləşən jurnalların tələblərinə uyğun tərtib olunub yayımlanması üçün maarifləndirmə seminarları keçirilir. Təlimlərdə “Elsevier”, “Springer”, “Wiley” və “Taylor & Francis” kimi dünyanın ən məşhur nəşriyyatlarının müxtəlif, yüksək impakt faktorlu, nüfuzlu jurnallarının qaydalarına uyğun şəkildə tərtib olunması, xarici dildə səlis və qrammatik nöqteyi-nəzərdən səhvsiz yazılması, həmin jurnallara onlayn formatda göndərilməsi qaydaları haqqında müfəssəl məlumatlar verilir. Bu maarifləndirmə tədbirləri nəticəsində institut əməkdaşlarının son illər yuxarıda adları qeyd olunan nəşriyyata aid nüfuzlu jurnallarda dərc etdirdiyi məqalələrin sayı əvvəlki illərlə müqayisədə iki dəfə artmışdır. Məhz, AMEA Aşqarlar Kimyası İnstitutunun əməkdaşlarının “Wiley” nəşriyyatına daxil olan “Journal of Biochemical and Molecular Toxicology”-də dərc olunan 2 məqaləsi həmin jurnalda yayımlanan beynəlxalq əhəmiyyətli məqalələr arasında ən çox istinad alan nüfuzlu elmi əsərlər sırasına daxil edilmiş və diplomla təltif olunub.

PAYLAŞ