Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Əli Quliyev Aşqarlar Kimyası İnstitutu mənzil qərargahı ABŞ-nın Texas Ştatına daxil olan Hyuston şəhərində yerləşən Dünya Biznes Konfederasiyasının (WORLDCOB) təsis etdiyi “BIZZ Winner” beynəlxalq mükafatına layiq görülmüşdür. Qurumun regional direktoru Roman Nahornikin imzası ilə AMEA Aşqarlar Kimyası İnstitutunun direktoru akademik Vaqif Fərzəliyevə ünvanlandığı rəsmi məktubda bildirilir ki, mükafat tətbiqi əhəmiyyətli elmi tədqiqatlarla biznesə verdiyi dəstəyə görə verilir.
Məlumatda qeyd edilir ki, “BIZZ Winner” beynəlxalq mükafatına layiq görülən elmi, biznes müəssisələri WORLDCOB-nın İdarə Heyətinin qərarı ilə seçilir.
Mükafatlandırmanın 27 və 28 Avqust 2021-ci il tarixlərində Texasın Hyuston şəhərində onlayn formada keçirilməsi nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, WORLDCOB 2004-cü ildə Amerika Birləşmiş Ştatlarında yaradılıb. Təşkilatın əsas missiyası üzvlərinə təklif etdiyi xüsusi alətlər və xidmətlər vasitəsi ilə hər ölkədə lider mövqe tutan aparıcı iş adamlarını tanıtmaqla dünya miqyasında biznesin inkişafını təşviq etməkdir. 130-dan çox ölkəni təmsil edən təxminən 3500 üzvü var.
“BIZZ Winner” WORLDCOB tərəfindən qlobal iş dünyasına töhfə verən bir sıra üstünlüklər təqdim etmək üçün yaradılmışdır. Yerli və dünya iqtisadiyyatının inkişafına xidmət edən müxtəlif bölgələrdən olan aparıcı müəssisələri bir araya toplayır və tanıdır.