AMEA Aşqarlar Kimyası İnstitutunda 2022-ci ilin 6 ayında mühüm fundamental nəzəri və tətbiqyönlü elmi nəticələr əldə olunub

406

AMEA Aşqarlar Kimyası İnstitutu Elmi Şurasının 2022-ci ilin I yarımilinə həsr olunan hesabat iclası keçirilib. Müəssisənin baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, hesabat dövrü İnstitut alimləri həm fundamental nəzəri, həm də tətbiqi tədqiqatlar həyata keçirərək müəyyən elmi göstəriçilərin əldə olunmasına nail olublar.
V.Fərzəliyev bu yarım ildə yüksəkixtisaslı kadr hazırlığı, beynəlxalq əməkdaşlıq, gənclərin xaricdə təcrübəkeçməsi, elmi nəşr sahəsində artan dinamika üzrə nəzərəçarpacaq nəticələr göstərildiyini diqqətə çatdırdı.
Hesabat mərzusə ilə çıxış edən İnstitutun icraçı direktoru k.e.d., dosent Əfsun Sucayev qeyd edib ki, 2022-ci ilin birinci yarısında İnstitutda mövzu planına uyğun olaraq bir üstün istiqamət və iki problem üzrə zərif üzvi sintez və kompüter kimyasının ən son nailiyyətlərindən istifadə olunaraq sürtkü yağlarının, yanacaqların və xüsusi mayelərin istismar xassələrini yaxşılaşdıran müxtəlif funksiyalı aşqarların, korroziya inhibitorları və səthi-aktiv maddələrin sintezi və alınma texnologiyasının elmi əsaslarının işlənilməsi, müxtəlif təyinatlı yüksək keyfiyyətli sürtkü yağlarının, xüsusi mayelərin və plastik sürtkülərin yaradılması, onların istehsalı ilə əlaqədar yeni xammal mənbələrinin müəyyənləşdirilməsi və mövcud mənbələrdən səmərəli istifadə olunması, fizioloji fəal üzvi birləşmələrin sintezi və tədqiqi sahəsində fundamental tədqiqatlar aparılmışdır: “Bu tədqiqatlar İnstitutn illik iş planındakı problemə aid 12 mövzu və 36 mərhələ üzrə aparılan işləri əhatə etmiş, həm müştərək beynəlxalq əməkdaşlıq yolu ilə mühüm nəzəri həm də tətbiqyönlü elmi nəticələr əldə olunmuşdur”.
2022-ci ilin I yarısında dərc olunmuş İnstitut alimlərinin elmi əsərləri haqqında məlumat verən Ə.Sucayev vurğulayıb ki, bu ilin ötən dövrü ərzində 10-u Web of Science, Scopus, 4-ü РИНЦ bazasına daxil olan 14 məqalə impakt faktoru yüksək olan dünyanın nüfuzlu jurnallarında çap olunmuşdur, Bu əsərlərə 200-ə yaxın istinad olunmuşdur. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə yüksək göstəricidir. Belə ki, 2021-ci ilin 6 ayında cəmi 5 məqalə impakt faktorlu jurnalda çap olunmuşdur.
İcraçı direktor qeyd edib ki, həmçinin, institut əməkdaşlarının respublikada 97, xaricdə 7 olmaqla 104 tezisi müxtəlif konfranslarda məruzə olunmuş və çap edilmişdir. “Bu il İnstitutda akademik Əli Quliyevin anadan olmasının 110 illiyinə həsr olunan Respublika Elmi Konfransı keçirildiyi üçün, demək olar ki, bütün aparıcı alimlərimiz, elmi işçilər, gənc tədqiqatçılar konfransın plenar və seksiya iclaslarında fəal iştirak etmiş, əldə etdikləri elmi nəticələri geniş ictimayyətə təqdim etmişdirlər”, – deyə fikirlərinə əlaəv edib.
Ə.Sucayev cari ildə institut əməkdaşlarının 2 kitabının dərc olunduğunu bildirib. Onun sözlərinə görə 2022-ci ildə Patent və Əmtəə Nişanları Mərkəzinə 11 ixtiraya dair iddia sənədi göndərilmiş, 7 ixtiraya dair iddia sənədinin dərci haqqında müsbət qərar 1 patent alınmışdır.
O, son 6 ayda İnstitut əməkdaşlarından 2 nəfərin kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi üzrə dissertasiya müdafiə etmiş, 2 nəfərin isə elmlər doktorluğu dissertasiya işi müdafiə hazırlanmışdır. “O cümlədən İnstitutun bir gənc doktorantı Portuqaliyanın Lisabon Universitetində təcrübə keçmiş, mühüm nəticələr əldə etmişdir”, – Ə.Sucayev qeyd etdi.
Sonda hesabat ətrafında laboratoriya müdirləri – professor H.Cavadova, P.Məmmədova, k.ü.f.d. M.Səfərova, M.Musayeva çıxış edərək müsbət fikirlər səsləndirdilər və hesabat məruzəsi açıqsəsvermə ilə qəbul edildi.

PAYLAŞ