AMEA Aşqarlar Kimyası İnstitutunda “27 mart – Elm Günü” qeyd edilib

398

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda  (AKİ) 27 mart – Elm Günü ilə əlaqədar  tədbir keçirilib. AKİ-nin icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayev giriş nitqi ilə çıxış edərək bildirib ki, dövlətimizin başçısı cənab İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamı ilə “Elm Günü”nün təsis olunması elm adamlarına olan diqqətə  hörmətin əyani sübutudur. Onun sözlərinə görə, bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf edir.

Ə.Sucayev müstəqilliyin ilk illərində Akademiyanın bağlanmaq təhlükəsi ilə üzləşdiyini, yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə qayıdışı ilə ölkəmizdə cəmiyyət həyatının digər sahələri kimi, elmin də inkişafın yeni mərhələsinə qədəm qoyduğunu qeyd edib.

O vurğulayıb ki, ümummilli lider məhz AMEA-ya milli statusu verərək onun yeni mərhələdə inkişaf etdirilməsinə, Azərbaycanın milli sərvəti kimi qorunub saxlanılmasına rəvac verib.

AKİ rəsmisi son illər ərzində akademik elmin inkişafı, onun dünya elminə inteqrasiyası, elmlə təhsilin vəhdətinin yaradılması, elmin populyarlığının artırılması və istedadlı gənclərin elmə cəlb olunması yolunda işlər görüldüyünü və müəyyən nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb.

Ə.Sucayev dünya təcrübəsində olduğu kimi ölkə üzrə bütün elmi müəssisələrin və elmi işçilərin elmmetrik meyarlar əsasında qiymətləndirilməsi ilə onlar arasında sağlam rəqabət yaratmaq və bu yolla elmin keyfiyyətinin artırılmasına nail olmağın mümkünlüyünü qeyd edib.

Sonra tədbirdə çıxış edən İnstitut Gənc Alim və Mütəxəssislər Şurasının sədri Günay İsmayılova, laboratoriya müdiri k.e.d., prof. Pərvin Məmmədova, aparıcı elmi işçilər k.ü.f.d. Nüsrət Əliyev və k.ü.f.d. Ceyhun Həmidova çıxış edərək “Elm Günü”nün əhəmiyyətindən, elmin inkişafına mane olan problem və çətinliklərdən çıxış yollarından danışaraq, rəy və fikirlərini bölüşüblər.

PAYLAŞ