AMEA Aşqarlar Kimyası İnstitutunda akademik Əli Quliyevin 110 illik yubileyinə həsr olunan Respublika Elmi Konfransı keçirilib

504

İyunun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda (AKİ) “Müxtəlif təyinatlı üzvi maddələr və kompozision materiallar” mövzusunda respublika elmi konfransı öz işinə başlayıb.

Tədbir üzvi kimya, neft kimyası və neft emalı sahəsində görkəmli alim, keçmiş SSRİ-də sürtkü yağlarına, yanacaqlara və xüsusi mayelərə aşqarlar kimyasının əsasını qoyan kimyaçılardan biri, Əməkdar elm xadimi, Azərbaycan və iki dəfə SSRİ Dövlət mükafatı laureatı, AMEA Aşqarlar Kimyası İnstitutunun yaradıcısı və ilk direktoru, akademik Əli Quliyevin 110 illik yubileyinə həsr edilib.

Konfransı giriş sözü ilə AKİ-nin baş direktoru, akademik Vaqif Fərzəliyev açaraq görkəmli alim Əli Quliyevin zəngin elmi yaradıcılığından, onun kimya elminə verdiyi dəyərli töhfələrdən danışıb. Bildirib ki, Böyük Vətən müharibəsi illərində akademik Əli Quliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə həmin dövr üçün mühüm əhəmiyyət kəsb edən tank əleyhinə yandırıcı butulka ampulalarının resepti hazırlanmış və müvəffəqiyyətlə sınaqdan keçirilmişdir. Alim, həmçinin yanğın törədən döyüş sursatlarının reseptini hazırlayaraq onların istehsalını təşkil etmiş, geniş miqyasda dərman maddələri və yuyucu vasitələr, yeni katalitik proseslər işləyib hazırlamışdır. Bundan başqa, onun bilavasitə iştirakı ilə aviasiya benzininin yüksək oktan ədədli komponenti olan alkilbenzolun alınma texnologiyası işlənib hazırlanmış və sənayedə istehsalı təşkil edilmişdir.

Akademik Vaqif Fərzəliyev qeyd edib ki, aşqarların sintezi və tətbiqi sahəsində məqsədyönlü tədqiqatlar aparmaq üçün Yusif Məmmədəliyevin təklifi ilə 1945-ci ildə Kuybışev adına Elmi-Tədqiqat Neft İnstitutunda Əli Quliyevin rəhbərliyi ilə ixtisaslaşmış laboratoriya yaradılıb. İlk dəfə bu kollektiv tərəfindən aparılan fundamental tədqiqatlar ölkəmizdə aşqarların sənaye istehsalının təməlini qoyub: “Tezliklə bu laboratoriya tərəfindən SSRİ-də ilk dəfə olaraq bir sıra aşqarlar yaradılmış və istehsalata tətbiq edilmişdir. Aşqarların işlənib hazırlanması və sənayeyə tətbiqi sahəsindəki xidmətlərinə görə Əli Quliyev bir sıra əməkdaşları ilə birlikdə 1948-50-ci illərdə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülmüşdü”.

Baş direktor 1965-ci ildə Azərbaycan SSR EA Neft-Kimya Prosesləri İnstitutunun Aşqarların sintezi və texnologiyası laboratoriyasının əsasında ölkəmizdə ilk ixtisaslaşmış Aşqarlar Kimyası İnstitutunun yaradıldığını diqqətə çatdırıb. Bildirib ki, akademik Əli Quliyev institutun təməlini qoymuş, onun təşkilatçısı və 1987-ci ilədək fasiləsiz direktoru olmuşdur. Onun rəhbərlik etdiyi illər ərzində institut aşqarlar kimyası sahəsində görkəmli nailiyyətlər qazanmışdır.

“Akademik Əli Quliyev 50 illik elmi fəaliyyəti ilə aşqarlar kimyası sahəsində böyük bir elmi məktəb yaratmışdır”, – deyə bildirən Vaqif Fərzəliyev alimin yetirmələrinin hazırda respublikamızın elm, tədris və digər müəssisələrində çalışdığını, respublika elm və iqtisadiyyatının inkişafına, möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. O, akademik Əli Quliyevin xatirəsinin əbədiləşdirildiyini, 1992-ci ildə 80 illik yubileyi ərəfəsində yaradıcısı olduğu Aşqarlar Kimyası İnstitutuna alimin adının verildiyini diqqətə çatdırıb. Həmçinin 2014-cü ildən institutda çalışan gənc alim və mütəxəssislər üçün adlı “Gənclər üçün akademik Əli Quliyev mükafatı”nın təsis olunduğunu və hər il bir gənc mütəxəssisə diplom və pul mükafatının verildiyini deyib.

Daha sonra akademik Abel Məhərrəmov elm və təhsil tarixinə adını qızıl hərflərlə yazdırmış, elmi ideyalarını müvəffəqiyyətlə davam etdirən peşəkar kadrların hazırlanmasında xüsusi xidmətləri olmuş görkəmli alimin yubileyinə həsr olunan konfransın əhəmiyyətindən bəhs edib. O, ömrünü Azərbaycanda kimya elminin tərəqqisinə həsr etmiş akademik Əli Quliyevin 110 illik yubileyinə həsr olunmuş mötəbər tədbirin təşkilinə görə akademik Vaqif Fərzəliyevə minnətdarlığını bildirib.

“Akademik Yusif Məmmədəliyevin böyük elmi məktəbinin yetirmələrindən olan Əli Quliyev sürtkü yağları, aşqarlar, kükürdlü üzvi birləşmələrin sintezi və s. istiqamətlərdə həm üzvi kimya, həm də aşqarlar kimyasının inkişafına mühüm töhfələr vermişdir. Alimin yaratdığı elmi məktəbin yetirmələrindən biri də Aşqarlar Kimyası İnstitutunun baş direktoru, akademik Vaqif Fərzəliyevdir ki, o da hazırda öz sələfinin elmi ideyalarını uğurla davam etdirir”, – deyə Abel Məhərrəmov qeyd edib.

O, Azərbaycanda kimya elminin inkişafından bəhs edən “Azərbaycan kimyaçıları” adlı kitabı Aşqarlar Kimyası İnstitutunun kitabxanasına hədiyyə edib, konfransın işinə uğurlar arzulayıb.

Akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru, akademik Vaqif Abbasov Azərbaycanın görkəmli kimyaçı alimlərindən olan Əli Quliyevin şəxsi keyfiyyətlərindən bəhs edib, onun dərin intuisiya bacarığına malik olduğunu qeyd edib. O, Əli Quliyevin tələbəsi olduğunu xatırladaraq böyük alimin dəstəyi ilə elmin incəliklərinə yiyələndiyini vurğulayıb. Vaqif Abbasov görkəmli elm xadiminin elmimizə ilk dəfə oxşarların bir-birində həll olunma qanununu gətirdiyini və bu sahədə gənc kadrların yetişdirilməsində böyük zəhməti olduğunu bildirib.

Akademik Vaqif Abbasov rəhbərlik etdiyi institutda ölkəmizin görkəmli kimyaçı alimlərinin, o cümlədən Əli Quliyevin portretinin sərgiləndiyini də diqqətə çatdırıb. O, Əli Quliyevin zəngin irsini öyrənməyin əhəmiyyətini xüsusi vurğulayıb, akademiklə bağlı xatirələrini bölüşüb.

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent Fuad Kərimli çıxış edərək, dünya şöhrətli kimyaçı alimin 110 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfransı AMEA Aşqarlar Kimyası İnstitutu üçün tarixi hadisə kimi qiymətləndirib. O, BDU-nun tanınmış məzunlarından olan akademik Əli Quliyevin həmin universitetdə elmi-pedaqoji fəaliyyəti, müvafiq sahədə peşəkar kadrların hazırlanmasında müstəsna xidmətləri və s. haqqında danışıb. Qeyd edib ki, hazırda yubilyarın layiqli davamçıları alimin yaratdığı elmi irsi qoruyur, onun elmi ideyalarını uğurla davam etdirir və kimya sahəsində mühüm nailiyyətlər əldə edirlər.

Fuad Kərimli əsası akademik Əli Quliyev tərəfindən qoyulmuş Aşqarlar Kimyası İnstitutunun BDU ilə elmi-pedaqoji əməkdaşlıq münasibətlərinin gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini də diqqətə çatdırıb: “Aşqarlar Kimyası İnstitutunda BDU-nun Neft kimyası və kimya texnologiyası kafedrasının baza kafedrası yaradılmışdır. Uzun müddətdir fəaliyyət göstərən kafedrada peşəkar elmi tədqiqatçıların hazırlanması istiqamətində əhəmiyyətli işlər aparılır. Gələcəkdə BDU-nun Neft-Kimya Prosesləri İnstitutu və digər müvafiq qurumlarla da əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı zəruri addımların atılması nəzərdə tutulur”.

Alimin oğlu, Azərbaycan Tibb Universitetinin professoru Fikrət Quliyev atasının xatirəsinə göstərilən yüksək hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkür edib.

Konfransda ümummilli lider Heydər Əliyevin 99, akademik Əli Quliyevin 110 illik yubileylərinə və 28 May – Müstəqillik Gününə həsr olunan “Ən yaxşı məruzə” müsabiqəsinin qaliblərinə, Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçən Bakı Dövlət Universitetinin nümunəvi tələbələrinə diplom, mükafat və sertifikatlar təqdim edilib.

Tədbir işini “Yağlara, yanacaqlara və xüsusi mayelərə aşqarlar, polimer materiallarına stabilizatorlar”, “Kompozision materiallar”, “Neft və qaz hasilatı və emalında istifadə olunan reagentlər”, “Aşqarların, reagentlərin və kompozision materialların sintezi və tətbiqinin ekoloji aspektləri”, “Zərif üzvi sintez və bioüzvi kimya” və “Kompüter kimyası” bölmələri üzrə plenar, şifahi və stend məruzələrin dinlənilməsi ilə davam etdirib.

 

PAYLAŞ