AMEA Aşqarlar Kimyası İnstitutunda alimlərin beynəlxalq elmi göstəricilərinin yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilir

610

AMEA Aşqarlar Kimyası İnstitutunda “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə elan olunan “Yol xəritəsi”ndə nəzərdə tutulan vəzifələrin müzakirəsinə həsr olunan marifləndirmə seminar keçirilib. İnstitutn icraçı direktoru k.e.d., dosent Əfsun Sucayev “Elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə qaydaları” mövzusunda təqdimatla çıxış etdi. O bildirdi ki, elmi müəssisə əməkdaşlarının daha öncə çap edilmiş, lakin internetdə olmayan məqalələrinin mövcud olan açıq akademik sistemlərdə (ResearchGate, Academia, SSRN və s.) yerləşdirilməsi mühüm əhəmiyyət kəsb edir: “Aparılan araşdırmalara görə, respublikamızın uzun illər təkibində olduğu keçmiş Sovetlər Birliyində digər sahələr kimi elmdə də “qapalı rejim” olduğu üçün dünyanın aparıcı elm mərkəzləri, elmi bazaları və elmi jurnalları ilə beynəlxalq əməkdaşlıq mümkün olmurdu. 1965-ci ildən fəaliyyət göstərən AMEA Aşqarlar Kimyası İnstitutunun alimləri sovet və müstəqilliyimizin ilk illərində elmi əsərini ən yaxşı halda Rusiya jurnallarında dərc etdirmişlər. Həmin jurnalların bəziləri istisna olmaqla əksəriyyəti indinin özündə açıq akademik sistemlərdə görünmür. Ona görə də sovet dövründə nəşr olunan məqalələrə dünya alimləri tərəfindən istinad edilməsi mümkün olmamışdır”.

Ə.Sucayev qeyd etdi ki, həm elmi məqalələrin beynəlxalq standartlara uyğun hazırlanması, həm də dünyanın aparıcı nəşrlərinə çıxış imkanlarının genişləndirilməsini təşviq etmək üçün AMEA Aşqarlar Kimyası İnstitutunun “Patent tədqiqatları, innovasiyalar və üzvi kimya sahəsində elmi işlərin proqnozlaşdırılması” laboratoriyası nəzdində məsləhət mərkəzi yaradılmış, hər bir laboratoriyalarda bu işləri həyata keçirən məsul şəxslər təyin edilmiş, onlarla Məsləhət Mərkəzində mütəmadi olaraq marifləndirmə tədbirləri həyata keçirilir: “İnstitut əməkdaşları tərəfindən elmi əsərlərin beynəlxalq standartlara uyğun hazırlanması üçün elmmetrik bazalar və akademik sosial şəbəkələrdən istifadə qaydası, həmçinin məqalələrin dünyanın aparıcı elmi bazalarında (“Web of Science”, “Scopus”) arxivləşən jurnalların tələblərinə uyğun tərtib olunub yayınlanması üçün “Elmi məqalələrin beynəlxalq standartlara uğun hazırlanması”, “Elmi işçilərin qlobal elmi şəbəkələrə və dünyanın nüfuzlu jurnallarına çıxış yolları”, “Elmi əməkdaşların akademik profil səhifələrinin yaradılması” mövzularında marifləndirmə seminarları keçirilmişdir. Təlimlərdə məqalələrin “Elcevier”, “Springer”, “Wiley” və “Taylor & Francis” kimi dünyanın ən məşhur nəşriyyatlarının müxtəlif, yüksək impakt faktorlu, nüfuzlu jurnallarının qaydalarına uyğun şəkildə tərtib olunması, xarici dildə səlis və qrammatik nöqteyi-nəzərdən səhvsiz yazılması, həmin jurnallara onlayn formatda göndərilməsi qaydaları haqqında müfəssəl məlumatlar verilmişdir. Bu marifləndirmə tədbirləri nəticəsində institut əməkdaşlarının hesabat dövründə nüfuzlu jurnallarda dərc etdirdiyi məqalələrin sayı əvvəlki illərlə müqayisədə xeyli artmışdır. Bu tədbirlərin məntiqi nəticəsi olaraq 2022-ci ilin 6 ayı ərzində İnstitut əməkdaşlarının 16 nüfuzlu xarici jurnalda məqaləsi dərc olunmuşdur ki, bunlardan da 13-ü  impakt faktorlu jurnallardadır. 9 məqalə isə xarici jurnala çapa göndərilmişdir”.

O bildirdi ki, dünyanın nüfuzlu alimləri, həmçinin ayrı-ayrı təhsil müəssisələrində çalışan həmyerlilərimizlə alimlərimiz arasında əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi istiqəmətində müvafiq işlər görülmüşdür: “AMEA Aşqarlar Kimyası İnstitutu fundamental tədqiqatlar sahəsində dünyanın aparıcı elmi mərkəzlərində çalışan dünyanın nüfuzlu alimləri, o cümlədən ayrı-ayrı universitetlərdə çalışan Azərbaycan əsilli alimlərlə əməkdaşlıq edir. Belə ki, dünyanın ayrı-ayrı təhsil müəssisələrində işləyən tanınmış həmyerli alimlərimizlə, o cümlədən dünyanın nüfuzlu alimlərindən İtaliyanın Florensiya Universitetinin professoru, elmi əsərlərinə ümumi istinad sayı 107415, H-indeksi 155 olan Dr Claudiu T. Supuran, Türkiyənin Atatürk Universitetinin Kimya Bölümünün professoru, ümumi istinad sayı 32177, H-indeksi 93 olan İlhami Gülçin və sair tanınmış elm adamlarının çalışdığı elmi mərkəzlərlə müştərək beynəlxalq tədqiqatlar aparılır”.

İcraçı direktor vurğuladı ki, AMEA Aşqarlar Kimyası İnstitutunun alimlərinin tanınmış nəşrlərinin yüksək indeksə malik jurnallarda nəşrinin artırılmasına bir sıra dəstək tədbirləri həyata keçirilir. “Belə ki, dünyada hər bir alimin elmi fəaliyyəti məhz, elmmetrik meyarlar əsasında qiymətləndirilməsini əsas götürərək, İnstitutun elmi əməkdaşlarının elmə həvəsləndirilməsi və onlar arasında sağlam rəqabətin təşviqi üçün ilk növbədə onlar üçün “Google Scholar”, “ResearchGate”, “Mendeley.com”, “Academia.edu” və sair kimi akademik şəbəkələrdə profil səhifələri yaradılmışdır. Bu akademik şəbəkələrdən götürülmüş məlumatlar əsasında, əsasən Web of Science”, “Scopus” və “РИНЦ” elmi bazalarına daxil olan jurnallarda çap etdirdikləri məqalələrin sayına, onlara olan istinadlara, H-indeks və digər elmmetrik meyarlar əsasında yarımillik və illik qiymətləndirilmə aparılır, alimlərin reytinq siyahısı tərtib edilir və mükafatlandırılır”.

Təqdimat ətrafında suallar cavablandırıldı və müzakirə aparıldı.

 

PAYLAŞ