AMEA Aşqarlar Kimyası İnstitutunda doktorant, dissertant və magistrantların attestasiyası keçirilib

1040

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutunda “Üzvi kimya” və “Neft kimya” ixtisasları üzrə təhsil alan və elmi tədqiqat aparan elmlər və fəlsəfə doktorluğu hazırlığı üzrə əyani, qiyabi doktorant, dissertant və II  kurs magistrantların attestasiyası keçirilib.

İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, hər bir elmi tədqiqat müəssisəsinin əsas funksiyalarından biri də yüksək ixtisaslı kadr hazırlığıdır. Ona görə elmi fəaliyyətini doktorantura və dissertanturada davam etdirən hər bir elmi mütəxəssis elmi işini yüksək səviyyətə yetirib müvafiq elmi dərəcə qazanmaqla bütövlükdə cəmiyyətə töhvə vermiş olur. Ona görə elmi rəhbərlər istər dissertasiya mövzularının seçilməsində, istərsə də doktorant və dissertantın gələcəyin alimi kimi yetişdirlməsinə məsuliyyətlə yanaşmalı, dünya elminin müasir çağrışlarını nəzərə almalıdır.

V.Fərzəliyev təəssüf hissi ilə qeyd etdi ki, bəzən doktorant və dissertantlar elmi işlərinə məsuliyyətlə yanaşmırlar, arxayın olurlar ki, onların yerinə elmi rəhbərləri məqalə-tezis yazacaq.

Akademikin sözlərinə görə koronavirus pandemiyası laboratoriya şəraitində təcrübi işlərin yerinə yetirilməsinə maneçilik törətsə də, əksinə monoqrafiya, məqalə və konfrans məruzələrini yazıb çap etdirmək üçün doktorant və dissertantlara əlavə imkanlar qazandırdı.

İclasda doktorant, dissertant və magistrantların imtahan sessiyasının nəticələri, fərd iş planlarında nəzərdə tutulan elmi-tədqiqat işlərinin yerinə yetirilmə vəziyyəti, dərc olunan məqalələrin sayı, elmi konfranslarda iştirak, həmçinin dissertasiya işlərinin gedişatına aid məsələlər müzakirə edildi, onlara tövsiyələr verildi.

PAYLAŞ