AMEA Aşqarlar Kimyası İnstitutunda istehsalat təcrübəsi keçən BDU-nun kimyaçı tələbələri ilə görüş keçirilib

411

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin “Kimya” ixtisası üzrə təhsil alan IV kurs tələbələri Azərbaycan Milli Elmlər Akademiyası akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) müvafiq laboratoriyalarda 3 ay müddətinə istehsalat təcrübəsi keçəcəklər. Bununla əlaqədar 21 fevral 2022-ci il tarixdə İnstitutun akt zalında təcrübəçi tələblərlə görüş keçirilib.

Görüşdə çıxış edən İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirdi ki, rəhbərlik etdiyi elmi müəssisə elmlə təhsilin inteqrasiyası istiqamətində ölkəmizdə olan mövcud ali təhsil müəssisələri, o cümlədən Bakı Dövlət Universiteti ilə sıx əməkdaşlıq edir. Belə ki, qarşılıqlı təcrübə mübadiləsi olaraq, birgə rəhbərlik əsasında həm magistr, fəlsəfə doktoru hazırlığı yerinə yetirilir, həm də bakalavr tələbələrin təcrübəkeçməsi təmin olunur.

Baş direktor AKİ-nin yaranma tarixi, elmi fəaliyyət istiqamətləri, əldə etdiyi mühüm nailiyyətləri, beynəlxalq əməkdaşlıq əlaqələri, yüksəkixtisaslı kadr hazırlığı haqqında geniş məlumat verdi.

Akademik bildirdi ki, İnstitutunda Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin “Neft kimyası və kimya texnologiyası” kafedrasının “Aşqarlar, sürtkü materialları, yağlar və soyuducu mayelər” baza kafedrası fəaliyyət göstərir: “Baza kafedrasında BDU-nun Kimya fakültəsində “Kimya” və “Kimya müəllimliyi” ixtisaslaşmaları üzrə təhsil alan bakalavr və magistrantlar üçün hər cür şərait yaradılmışdır”.

Görüşdə iştirak edən BDU-nun “Neft kimyası və kimya texnologiyası” kafedrasının müdiri k.e.d., professor İbrahim Məmmədov BDU-nun Kimya fakültəsinin AKİ ilə əməkdaşlığın səviyyəsinin qənaətbəxş olduğunu, İnstitutun bir çox əməkdaşlarının bakalavr tələbə və magistrantların tədris prosesinə müəllim kimi cəlb olunduğunu vurğuladı. O, növbəti tədris illərində baza kafedrasının gələcək perspektiv fəaliyyəti, tədris prosesinin, tələbələrin istehsalat təcrübəsinin təşkilində bir sıra yeniliklərin tətbiq edilməsinin zəruriliyini bildirdi.

İ.Məmmədov qeyd etdi ki, bu ilki istehsalat təcrübəsinə “Kimya” və “Kimya mühəndisliyi” ixtisasları üzrə olmaqla  2 qrup üzrə  ümumilikdə 51 bakalavr tələbə cəlb edilib. Onların 25.05.2022-ci il tarixinədək təcrübə keçməsi planlaşdırılıb.

Aşqarlar Kimyası İnstitutunun icraçı direktoru k.e.d., dosent Əfsun Sucayev qeyd etdi ki, bu il “Covid19” pandemiyası ilə əlaqədar ölkəmizdə, o cümlədən İnstitutda tətbiq olunan karantin rejiminin tələblərini gözləməklə tələbələr ayrı-ayrı qrup şəklində üç aylıq təcrübə müddətində institutun laboratoriyalarında cihaz və avadanlıqların iş prinsipləri, müasir fiziki-kimyəvi analiz üsulları ilə yaxından tanış olacaq, bəzi təcrübələri yaxından izləyəcəklər. Tələbələr, eyni zamanda zərif üzvi sintez və aşqarlar kimyası sahəsində institut əməkdaşları tərəfindən prioritet istiqamətlər üzrə yerinə yetirilən və əldə olunan elmi tədqiqatın mühüm nəticələri ilə bağlı seminar məruzələrini dinləyəcəklər.

O qeyd etdi ki, bu il təcrübə müddətində çalışqanlığı, elmi bilikləri ilə fərqlənən 3 ən yaxşı tələbə seçilərək təşəkkürnamə ilə təltif olunacaq və Universitet rəhbərliyinə bu haqda rəsmi məlumat göndəriləcək.

Görüşdə fikir mübadiləsi aparıldı və tələbələrin sualları cavablandırıldı.

 

 

PAYLAŞ