AMEA Aşqarlar Kimyası İnstitutunda “Motor yağları və onlara aşqarlar” adlı monoqrafiya çap olunub

389

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akad. Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) “Motor yağlarına çoxfunksiyalı aşqarlar” laboratoriyasının müdiri tex.e.d., dosent Elmira Nağıyevanın müəllifi olduğu “Motor yağları və onlara aşqarlar” adlı monoqrafiyası çap olunub. İnstitutdan verilən məlumata görə, belə bir kitabın yazılması aşqarlar barəsində Azərbaycan dilində məlumatın olduqca məhdudluğu, respublikamızın müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbə, magistr, doktorant və dissertantların bu sahədə dolğun məlumat əldə etməkdə üzləşdikləri çəkinliklər səbəbindən irəli gəlib.

Kitab ilk olaraq aşqarlar kimyası elminin yaranması, inkişafı və tətbiq olunan istiqamətləri haqqında müəyyən dünya ədəbiyyatı məlumatlarını özündə əks etdirir.

Monoqrafiyada əsas diqqət motor yağlarına və onlar üçün aşqarlar haqqında məlumatlara verilmişdir. Eyni zamanda aşqarlar kimyasının sərbəst elm kimi formalaşması və onun inkişafı ilə motor istehsalının qarşılıqlı əlaqəsi göstərilmişdir.

Kitabda yağlar üçün oksidləşmə, korroziya, yeyilməyə qarşı, yuyucu-dispersedici, depressor, özlülük, çoxfunksiyalı aşqarlar və sürtkü kompozisiyalarından bəhs edilir. Əsas tip aşqarların təcrübi və praktik inkişafı əvvəldən son illərə qədər verilib.

Dünya şöhrətli alim akademik Əli Quliyevin anadan olmasının 110 illiyinə həsr olunan nəfis tərtibatda hazırlanan kitabdan üzvi kimya sahəsində çalışan elmi işçilər, ali məktəb müəllimləri, doktorantlar, magistrantlar və digər kimyaçı mütəxəssislər faydalana bilər.

PAYLAŞ