Dünən AMEA-nın Aşqarlar Kimyası İnstitutunda yerləşən Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin “Neft kimyası və kimya texnologiyası” kafedrasının “Aşqarlar, sürtkü materialları, yağlar və soyuducu mayelər” baza kafedrasının fəaliyyətinin müzakirəsinə həsr olunan görüş keçirilib. Görüşdə baş direktor akademik Vaqif Fərzəliyev, icraçı direktor k.e.d., dosent Əfsun Sucayev, BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov, Kimya fakültəsinin tədris işləri üzrə dekan müavini k.ü.f.d, dosent Fuad Kərimli iştirak ediblər.
Baş direktor akademik Vaqif Fərzəliyev rəhbərlik etdiyi elmi müəssisənin yaranma tarixi, elmi fəaliyyət istiqamətləri, əldə etdiyi mühüm nailiyyətləri, beynəlxalq əməkdaşlıq əlaqələri, yüksəkixtisaslı kadr hazırlığı haqqında geniş məlumat verib.
V.Fərzəliyev baza kafedrasında BDU-nun Kimya fakültəsində “Kimya” və “Kimya müəllimliyi” ixtisaslaşmaları üzrə təhsil alan bakalavr və magistrantlar üçün yaradılmış şərait haqqında danışıb.
Görüşdə yeni tədris ilində baza kafedrasının mövcud vəziyyəti, gələcək perspektiv fəaliyyəti, tədris prosesinin, tələbələrin istehsalat təcrübəsinin təşkili müzakirə olunub. Fərda İmanov Universitetdə təhsil sahəsində həyata keçirilən islahatlar və 2021/2022-ci tədris ilində tədrisin təşkili haqqında məlumat verib.
Sonra baza kafedranın fəaliyyət planı müzakirə edilib, tədris auditoriyasına və İnstitutun elmi-tədqiqat laboratoriyalarına baxış keçirilib.