2018-2020-ci illər ərzində AMEA akademik Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunda başa çatdırılmış elmi tədqiqat işlərindən 12-i tətbiqə yönəldilmişdir. İnstitutdan verilən məlumata görə, hesabat dövründə real iqtisadiyyata xidmət edən əsas tətbiqi işlər “Depressator-AKİ” aşqarının yaradılması, istehsal və istehlakını təmin edən normativ-texniki şənədlərinin işlənilməsi və istehsalının təşkili üzrə işlərin aparılması, “TC-1” yanacağı, super-antigel və institutda yaradılan “Depressator-AKİ” aşqarından istifadə etməklə dizel yanacağının tələb olunan donma temperaturunu təmin edən kompozisiyanın yaradılması, xüsusi təyinatlı motor yağının tətbiqi, işlənmiş yağların regenerasiya texnologiyasının işlənilməsi və kənd təsərrüfatı məhsullarının tullantıları əsasında neft-qaz quyularının qazılmasında istifadə edilən buruq reagentinin işlənib hazırlanması və tətbiqi ilə bağlı olmuşdur.
Məlumatda bildirilir ki, eyni zamanda ölkə daxilində fəaliyyət göstərən müxtəlif dövlət və özəl təşkilatların sifarişləri əsasında təqdim edilən yağ, aşqar nümunələrinin fiziki-kimyəvi analizi, texniki şərtlərin hazırlanması işləri də görülmüşdür.
Həmçinin, İnstitut tərəfindən AMEA Yüksək Texnologiya Parkının rezidenti olan Təcrübə-Sənaye Zavodu, “Aşqar” Elmi-İstehsalat Birliyi və digərlərinə elmi-texniki yardım göstərilmişdir.