AMEA Aşqarlar Kimyası İnstitutunda strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması məsələləri müzakirə olunub

1129

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Aşqarlar Kimyası İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib. AMEA Rəyasət Heyəti tərəfindən qəbul olunan “AMEA-da strukturun təkmilləşdirilməsi və idarəetmənin optimallaşdırılması haqqında” Qərarda nəzərdə tutulan məsələlərin müzakirəsinə həsr olunan toplantıda çıxış edən İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, AMEA Rəyasət Heyətininyeni qərarı Akademiya və onun elmi tədqiqat müəssisələrində struktur islahatları, elmi istiqamətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılması, elmin nəticəliliyinə, milli və dövlətçilik mənafelərinə uyğunluğu, kadr təminatı və sair sahələrdə köklü islahatların aparılmasını vacib hesab edir: “Qərara alınıb ki, AMEA-nın elmi müəssisə və təşkilatlarının strukturunun təkmilləşdirilməsi və idarəedilməsinin optimallaşdırılması üzrə bir sıra tədbirlər həyata keçirilsin. Belə ki, yeni hadisə və ya effektin tapılmasına, qanunauyğunluqların aşkar edilməsinə yönəlmiş fundamental araşdırmaların aparılması, müasir dünya təcrübəsinə uyğun olaraq, fundamental elmi araşdırmaların, əsasən, beynəlxalq elmi birliklərin bazasında reallaşdırılması, müəyyən maddə və material sistemlərin alınmasına, xassələrin tədqiqinə, yeni texnologiyaların yaradılmasına istiqamətlənmiş praktiki tədqiqatların həyata keçirilməsi, fundamental və praktiki tədqiqatların ölkənin real sosial, iqtisadi, siyasi, hərbi ehtiyaclarına yönəldilməsi bundan sonra digər elmi müəssələr kimi Aşqarlar Kimyası İnstitutunun da fəaliyyətinin əsas istiqamətlərin təşkil edəcək”.

O, qeyd etdi ki, yeni qərarla AMEA-nın elmi müəssisə və təşkilatlarına rəhbərlik bundan sonra baş direktor və icraçı direktor vasitəsilə həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda əldə olunan innovativ potensiallı elmi nəticələrin sosial fəaliyyət sahələrində və istehsalatda çevik tətbiqinə nail olmaq üçün elmi müəssisələrdə innovasiya üzrə menecer fəaliyyət göstərəcək. Alimlərimizin əldə etdiyi elmi nəticələrin ilkin tətbiqinin həyata keçirilməsi üçün müasir tələblər səviyyəsində elmi-istehsalat birliklərinin yaradılması planlaşdırılır.

Akademikin sözlərinə görə, Aşqarlar Kimyası İnstitutunda ənənəvi olaraq fəaliyyət göstərən mövcud laboratoriya və şöbələrin elmi istiqaməti, onların kadrların potensialı ciddi təftiş ediləcək, effektivliyi müəyyənləşdirildikdən sonra onlar öz fəaliyyətini davam etdirəcək, fəaliyyəti qənaətbəxş olmayanlar birləşdiriləcək və ya ləğv ediləcək və ya yeni tələblər əsasında yenidən təşkil ediləcək.

V.Fərzəliyev hazırda İnstitutda çalışan elmi işçilərin fəaliyyətinin qiymətləndirilməsin aparılır və bu zaman onların elmi, elmi-texnoloji fəaliyyətinin nəticəliliyi, nəticələrin yüksək reytinqli elmi jurnallarda nəşri, onlara istinadlar, tətbiq, patent və digər göstəricilər əsas meyarlar olaraq götürülür.İnstitut direktoru qeyd etdi ki, yeni qərarla elmi işçilərin müasir tələblər əsasında attestasiyasının keçirilməsi də nəzərdə tutulub.

İnstitutun elmi işlər üzrə direktor müavini, k.e.d., dosent Ə.Sucayev, elmi katib k.ü.f.d. M.Səfərova, laboratoriya müdirləri, tex. e.d., prof. H.Cavadova, k.e.d., prof. P.Məmmədova, baş elmi işçi, tex.e.d., dosent E.Nağıyeva çıxış edərək səsləndirilən məsələlərə öz münasibətlərini bildirdilər.

PAYLAŞ