AMEA Aşqarlar Kimyası İnstitutunda “Ulu Öndər akademik elmin yaddaşında” mövzusunda tədbir keçirilib

918

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı, Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatıçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr edilən “Ulu Öndər akademik elmin yaddaşında” mövzusunda tədbir keçirilib.

Tədbiri giriş nitqi ilə İnstitutun direktoru, akademik Vaqif Fərzəliyev açaraq Ulu Öndərin tarixi şəxsiyyət kimi keyfiyyətlərindən və müasir Azərbaycanın formalaşmasında göstərdiyi xidmətlərdən danışdı. O qeyd etdi ki, bu gün AMEA fəaliyyət göstərirsə, məhz Ümumi milli liderə borcluyuq: “Çünki Sovet hakimiyyəti illərində inkişafında misilsiz işlər göstərdiyi Akademiya bağlanmaq təhlükəsi ilə üzləşmişdi. Bunu da etmək istəyənlər vaxtilə AMEA-da işləmiş, ancaq elmdə özlərini doğrultmayan insanlar idi. Ancaq Ümummilli Lider ikinci dəfə hakimiyyətə gələn kimi bu təhlükəni aradan qaldırdı. Xatırlayırsınızsa 1993-cü ildə ilk görüşünü AMEA-nın binasında akademiklərlə keçirdi”.

V.Fərzəliyev qeyd etdi ki, Ulu Öndərin dəstəyilə Azərbaycan alimlərinin UNESKO və UNIDO beynəlxalq təşkilatların ekspertləri kimi xarici ölkələrdə çalışmaları mümkün olmuşdur: “SSRİ rəhbərliyi adətən belə məsələlərdə ittifaq respublikaları arasında ayrı-seçkiliyə yol verərək Rusiya, Ukrayna və Belarusdan olan mütəxəssisləri irəli çəkərdi. Ancaq o dövrdə məhz Heydər Əliyev Moskva qarşısında məsələ qaldırmışdı ki, niyə beynəlxalq təşkilatların fəaliyyətində yalnız yuxarıda adları sadalanan respublikalar iştirak edir, yüksək elmi potensiala malik olan Azərbaycan iştirak etməməlidir? Heydər Əliyev dahi və müdrik rəhbər olaraq çox yaxşı bilirdi ki, Azərbaycan zəngin neft və qaz ölkəsi olduğundan onun neft və qazçıxarma, neft və qaz emalı, neft kimyası və bütövlükdə kimya sənayelərini inkişaf etdirmədən güclü, rəqabətə davamlı respublika yaratmaq mümkün deyil”.

Akademikin sözlərinə görə, Ümumimilli Liderin tövsiyələrinə uyğun olaraq AMEA-nın neft-kimya təmayüllü elmi-tədqiqat institutları və respublikanın bu sahədə fəaliyyət göstərən digər elmi mərkəzləri qeyd olunan sahələrdə elmi-tədqiqat işlərini genişləndirib və bir çox uğurlu nəticələrə imza atıblar. Aparılan elmi-tədqiqat işlərinin bir çox nəticələri sənaye miqyasında tətbiq olunub və ölkə iqtisadiyyatının sürətli inkişafına, dünya bazarında rəqabətli məhsulların istehsalına şərait yaradıb.

Sonra YAP İdarə Heyətinin üzvü, İnstitutn elmi işlər üzrə direktor müavini, dosent Əfsun Sucayev “Akademik elmin yaddaşında Ümummilli Lider” mövzusunda məruzə etdi. O bildirdi ki, Ümummilli lider tarixi fərmanlarla AMEA-ya milli, eləcə də ölkədə elm siyasətini həyata keçirən mərkəzləşmiş ali dövlət orqanı statusları verərək onun yeni mərhələdə inkişaf etdirilməsinə, Azərbaycanın milli sərvəti kimi qorunub saxlanılmasına səbəb olub: “Təkcə bu fakta görə, yəni Akademiya bu gün mövcudluğunu qoruyub saxlayırsa, akademik elmin təmsilçiləri olan hər kəs o böyük şəxsiyyətə daim minnətdar olmalıdırlar”.

Ə.Sucayev qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin müdrikliklə müəyyən etdiyi və həyata keçirdiyi elm siyasəti bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla və yaradıcılıqla davam etdirilir. Elmin inkişafına göstərilən yüksək diqqət, eyni zamanda Azərbaycanın güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.

Tədbirdə çıxış edən İnstitut alimləri öz fikirlərini bölüşdülər. 

PAYLAŞ