AMEA Aşqarlar Kimyası İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən tədbir keçirilib

417

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Aşqarlar Kimyası İnstitutunun Yeni Azərbaycan Partiyası Ərazi Təşkilatı, Həmkarlar Təşkilatı və Gənc Alim və Mütəxəssislər Şurasının birgə təşkilatıçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” mövzusunda tədbir keçirilib.

Tədbirdə çıxış edən İnstitutun baş direktoru, akademik Vaqif Fərzəliyev bildirdi ki, Ulu Öndər tarixən Azərbaycanın xilaskarı olub: “İstər respublikamıza birinci rəhbərliyi dövründə, istərsə də müstəqillik illərində hakimiyyətə yenidən qayıdışı zamanı vətənimizi böyük çətinliklərdən xilas edilməsində böyük rol oynadı. Buna səbəb onun uzaqgörənliyi, qətiyyəti, inadkarlığı, vətəni hədsiz sevməsi idi”.

V.Fərzəliyev vurğuladı ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkəyə rəhbərliyi öz üzərinə götürən ümummilli lider ölkəmizin parçalanmasının qarşısını aldı: “Ölkə faktiki dağılmış vəziyyətdə idi. Ordu yox, iqtisadiyyat dağılmış, ərazilərin böyük hissəsi işğal olunmuşdur. Amma H.Əliyevin sabaha inamı itməmişdir. Tez-tez televiziyada onun çıxışlarından parçalar verilir. Görün necə ümidlə deyir ki, vaxt gələcək bütün işğal olunmuş torpaqlar azad olunacaq, iqtisadiyat dirçələcək, güclü ordumuz olacaq və Azərbaycan dünyaya tanınacaq”.

Akademik elmimizə böyük qayğı və diqqət göstərdiyini vurğulayan V.Fərzəliyev qeyd etdi ki, bu gün AMEA fəaliyyət göstərirsə, məhz Ümumi milli liderə borcluyuq: “Ümummilli Lider ikinci dəfə hakimiyyətə gələn kimi bu təhlükəni aradan qaldırdı. Xatırlayırsınızsa 1993-cü ildə ilk görüşünü AMEA-nın binasında akademiklərlə keçirdi”.

V.Fərzəliyev qeyd etdi ki, Ulu Öndərin dəstəyilə Azərbaycan alimlərinin o cümlədən özünün beynəlxalq təşkilatların ekspertləri kimi xarici ölkələrdə çalışmaları mümkün olmuşdur: “SSRİ rəhbərliyi adətən belə məsələlərdə ittifaq respublikaları arasında ayrı-seçkiliyə yol verərək Rusiya, Ukrayna və Belarusdan olan mütəxəssisləri irəli çəkərdi. Ancaq o dövrdə məhz Heydər Əliyev Moskva qarşısında məsələ qaldırmışdı ki, niyə beynəlxalq təşkilatların fəaliyyətində yalnız yuxarıda adları sadalanan respublikalar iştirak edir, yüksək elmi potensiala malik olan Azərbaycan iştirak etməməlidir? Heydər Əliyev dahi və müdrik rəhbər olaraq çox yaxşı bilirdi ki, Azərbaycan zəngin neft və qaz ölkəsi olduğundan onun neft və qazçıxarma, neft və qaz emalı, neft kimyası və bütövlükdə kimya sənayelərini inkişaf etdirmədən güclü, rəqabətə davamlı respublika yaratmaq mümkün deyil”.

Akademikin sözlərinə görə, Ümumimilli Liderin tövsiyələrinə uyğun olaraq AMEA-nın neft-kimya təmayüllü elmi-tədqiqat institutları və o cümlədən rəhbərlik etdiyi Aşqarlar Kimyası İnstitutunda aparılan elmi-tədqiqat işlərinin bir çox nəticələri sənaye miqyasında tətbiq olunub və ölkə iqtisadiyyatının sürətli inkişafına, dünya bazarında rəqabətli məhsulların istehsalına şərait yaradıb.

Sonra YAP İdarə Heyətinin üzvü, İnstitutn icraçı direktoru kimya elmləri doktoru, dosent Əfsun Sucayev “Ümummilli lider Heydər Əliyevin Azərbaycanın kimya sənayesində rolu” mövzusunda məruzə etdi. O bildirdi ki, bütün sahələrdə olduğu kimi respublikamızda təşəkkül tapmış kimya sənayesinin inkişafında və Azərbaycanın həm də neft kimya və kimya sənayesi ölkəsi kimi tanınmasında, bu günə gəlib çatmasında Ümummilli lider Heydər Əliyevin rolu və xidmətləri əvəzsiz olmuşdur.

O, qeyd etdi ki, kimyalaşma devizi altında bütün ittifaq respublikalarında kimya müəssisələri tikilib istifadəyə verilirdi. Ancaq SSRİ rəhbərliyinin Azərbaycanla digər respublikalar arasında fərqli, belə demək mümkünsə ögey münasibət bəslədiyi məlum olur. O zaman kimya müəssisələrinin istehsal fəaliyyətinə respublikanın ciddi müdaxilə edə bilməməsi məqsədilə zavodlar birbaşa ittifaq nazirliklərinə tabe etdirilmişdi. Əslində respublikanın kimya sənayesi və onun inkişafı məsələləri ümumittifaq mənafeyinə tabe edildiyindən verilən qərarlar çox zaman Azərbaycanın maraqlarının tamamilə ziddinə olurdu.

Ə.Sucayevin sözlərinə görə dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə gəldikdən sonra onun qətiyyəti və iradəsi sayəsində Azərbaycanın kimya sənayesinin yenidən qurulmasında, müasirləşdirilməsində əsaslı dönüş mərhələsi başlandı: “Məhz Heydər Əliyev Azərbaycan iqtisadiyyatında kimya kompleksinin roluna xüsusi əhəmiyyət verdiyindən özünəməxsus müdriklik, qətiyyət və inadkarlıqla SSRİ-nin o vaxtkı rəhbər orqanlarında Azərbaycanın neftçıxarma və neft-kimya sənayesində əsaslı yenidənqurmanın inkişafı üçün xüsusi hökumət qərarlarının qəbul edilməsinə nail olmuşdu”.

Tədbirdə İnstitut Gənc Alim və Mütəxəssislər şurasının sədri Günay İsmayılova “Qurtuluşdan tərəqqiyə, tərəqqidən zəfərə” adlı təqdimatla çıxış edib.

 

PAYLAŞ